CƏMİYYƏT
Yunanıstan ictimaiyyətinə Azərbaycanda ətraf mühitin mühafizəsi barədə məlumat verilib
Afina, 21 yanvar, AZƏRTAC
Afinada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Yunanıstanın Marianna Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyinin mədəni irsə təsiri” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransın Yunanıstan paytaxtındakı Akropol muzeyində keçirilən açılış tədbirində çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov ətraf mühitin mühafizəsi sahəsində ölkəmizin dayanıqlı inkişaf strategiyası haqqında danışıb, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin (IDEA) fəaliyyəti haqqında məlumat verib.
Mədəni irsin mühafizəsi ilə bağlı əsas təhlükələrdən birinin də regionda davam edən münaqişələr olması faktına diqqəti cəlb edən diplomat son onilliklərin Cənubi Qafqaz regionu da daxil olmaqla dünyanın bir çox bölgələrində unikal mədəniyyət abidələrinin dağılmasına şahidlik etdiyini, münaqişə bölgələrində qeyri-qanuni arxeoloji qazıntılar, mədəni irs nümunələrinin qanunsuz ticarəti, təbii sərvətlərin qanunsuz istismarı kimi problemlərin olduğunu vurğulayıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina