MƏDƏNİYYƏT
Yunanıstan mediasında Azərbaycan musiqisinin tarixindən bəhs edilib
Bakı, 3 oktyabr, AZƏRTAC
Yunanıstanın “karfitsa.gr” xəbər saytında “Azərbaycan musiqisi” sərlövhəli məqalə yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun müəllifi olduğu məqalədə Azərbaycan musiqisinin qədim və zəngin tarixi barədə ətraflı məlumat verilib. Dahi bəstəkar Üzeyir Hacibəylinin Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi olduğu, milli operanın şah əsərlərini yaratdığı və güclü bəstəkarlıq məktəbi inkişaf etdirdiyi bildirilib.
Məqalədə mədəniyyət paytaxtımız Şuşanın musiqi sahəsində oynadığı rol xüsusi vurğulanıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 29 il sonra - 2021-ci il mayın 12-13-də Şuşada, əsrarəngiz Cıdır düzündə yenidən “Xarıbülbül” beynəlxalq musiqi festivalı təşkil olunub. Festivalın ilk günündə “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda tədbirdə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı təqdim edilib.