DÜNYA
Yunanıstan mediasında Oxçuçay fəlakətinin baiskarlarından bəhs edilib
Bakı, 10 iyul, AZƏRTAC
“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Yunanıstanın “Karfitsa” xəbər saytında Oxçuçay fəlakətinə həsr olunmuş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, müəllifi dostluq cəmiyyətinin sədri Rəşid Məmmədov olan məqalədə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistanda fəaliyyət göstərən kombinat tərəfindən çirkləndirilməsi barədə danışılır. Yazıda, həmçinin kombinatın əsas səhmdarlarından birinin “CRONIMET” alman şirkəti olması barədə ətraflı məlumat verilib. Şirkət rəhbərlərindən biri olan 83 yaşlı Gunter Pilarskinin ifrat ermənipərəst olduğu, adının ABŞ-ın nüfuzlu nəşri “The USA Tribune” tərəfindən dərc olunan Almaniyadakı erməni rüşvətxorlar siyahısında yer aldığı diqqətə çatdırılıb.
Müəllif hesab edir ki, ekologiyanın qorunması uğrunda fəaliyyəti Almaniyadakı ictimai sorğularda ön sıraları tutan Yaşıllar Partiyası alman şirkətinin məsuliyyətsiz davranışına biganə qalmamalıdır. “Ümid edirik ki, Almaniyadakı “yaşıllar” təkcə Avropa İttifaqı ölkələrinin ətraf mühit standartlarına uyğunluğunu izləməyəcək, həm də Cənubi Qafqaz bölgəsində fəaliyyət göstərən alman şirkətinin ekoloji məsuliyyətsizliyinə də ciddi yanaşacaqlar”, - deyə o qeyd edib.