CƏMİYYƏT
Yunanıstan meşələri böcəklərin hücumuna məruz qalıb
Bakı, 24 iyun, AZƏRTAC
Yunanıstanın şimalında iri meşə sahələri şam ağacının qabığını yeyən böyük ziyanverici böcəyin çoxalmasının qarşısını almaq məqsədi ilə qırılır. Salonikidən şimalda yerləşən Şeyxsu, yaxud Sidr təpəsi bu böcəyin hücumundan daha çox ziyan çəkib. AZƏRTAC “Euronews”a istinadla bildirir ki, təpədəki meşələr böyüklüyünə görə Yunanıstanın ikinci şəhərinin ağciyəri funksiyasını yerinə yetirir.
Salonikidəki Aristotel adına Universitetin meşəçilik məktəbinin müəllimi Teoxaris Zaqasın sözlərinə görə, qocaman ağacların kəsilməsi körpə pöhrələri xilas etməyin yeganə üsuludur. O deyib: “Ən yaxşı mübarizə üsulu qurumuş, habelə zədələnmiş ağacları qırmaqdır, çünki böcəklər hələ də bu ağacların içindədir və oradan yenilərinə keçə bilər.
Qabıq yeyən böcəklər quraqlıq nəticəsində zəifləmiş ağacları zədələyir. Böcəklərin sayının kəskin artması belə ağacların çoxalması ilə bağlıdır. Meşəbəyilik yetərincə maliyyələşdirilmədiyi üçün ağaclar vaxtlı-vaxtında müayinə olunmayıb. Belə ki, ağacların müntəzəm yoxlanılması ziyanverici böcəklərin kütləvi çoxalmasının qarşısını ala bilərdi.