QAN YADDAŞI


Yunanıstan və Albaniya KİV-lərində Xocalı soyqırımından bəhs edən məqalələr dərc olunub

Afina, 25 fevral, AZƏRTAC

Xocalı soyqırımının 28-ci ildönümü Yunanıstan və Albaniyanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır.

AZƏRTAC xəbər verir ki, dərc olunan məqalələrdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti, ötən əsrin ən dəhşətli faciələrindən sayılan Xocalı soyqırımının qurbanları haqqında yerli oxuculara ətraflı məlumat verilir. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törədikləri bu soyqırımı nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın qətlə yetirildiyi, 1275 dinc sakinin əsir götürüldüyü, 155 nəfərin taleyindən isə hələ də xəbər olmadığı qeyd olunur. Bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının BMT-nin Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr Zamanı Qadınların və Uşaqların Müdafiəsi Bəyannaməsinin müddəalarının kobud şəkildə pozulması hesab edilir.

Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyasının soyqırımı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolundan bəhs olunur. Bildirilir ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması və obyektiv qiymətin verilməsi istiqamətində davamlı işlər aparılır. Bu faciə dünyanın 10-dan çox ölkəsi və ABŞ-ın 20-dən çox ştatı tərəfindən soyqırımı kimi tanınır və qəti şəkildə pislənilir.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Azərbaycandakı dini konfessiya rəhbərləri ilə birgə imzaladığı Xocalı soyqırımı ilə bağlı bəyanat ortodoks xristianlarının oxucu kütləsinin sayına görə Yunanıstanda ən böyük elektron KİV-i olan vimaorthodoxias.gr saytında işıqlandırılıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.