SİYASƏT
Yunanıstanda Azərbaycanın yeni diaspor təşkilatının təqdimatı olub
Bakı, 10 noyabr, AZƏRTAC
“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti noyabrın 9-da öz təqdimatını keçirib və Azərbaycanın Dövlət Bayrağı Gününü qeyd edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Yunanıstandakı müvəqqəti işlər vəkili Eldar Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov, Türkiyənin Salonikidəki baş konsulluğunun nümayəndələri, Dostluq Cəmiyyətinin üzvləri, yunan icması, Saloniki şəhərindəki digər diaspor təşkilatlarının sədrləri, turizm firmalarının və dövlət qurumlarının nümayəndələri və başqaları iştirak ediblər.
Tədbirdə cəmiyyətin sədri Rəşid Məmmədov qurumun gələcək fəaliyyəti haqqında danışıb.
Tədbirdə digər çıxış edənlər yeni təşkilata uğurlar arzulayıb, ölkəmizin zəngin və qədim mədəni irsinin, tarixinin, turizm potensialının və Qarabağ həqiqətlərinin Yunanıstanda tanıdılması istiqamətində cəmiyyətin səmərəli fəaliyyət göstərəcəyinə ümidvar olduqlarını deyiblər.
Qeyd edək ki, Azərbaycan, rus, ingilis və yunan dillərində qala2017.com saytı da yaradılıb.