CƏMİYYƏT


Yunanıstanda "Azərbaycan günləri" adlı silsilə tədbirlər keçirilib

Saloniki, 20 may, AZƏRTAC

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı və Saloniki Şəhər Bələdiyyəsinin dəstəyi ilə "Multilinqual Dil Festivalı" layihəsi çərçivəsində bu şəhərdə "Azərbaycan günləri" adlı silsilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, silsilə tədbirlər Bakının tarixini və mədəni dəyərlərini əks etdirən "Bakı - Xəzərin mirvarisi" adlı fotosərginin açılışı ilə başlayıb. Fotosərgidə müasir Bakının gözəl mənzərələrini əks etdirən fotoşəkillər nümayiş olunur.

Saloniki şəhərinin baş bələdiyyə sədri Yannis Butaris və digər dövlət rəsmiləri sərgi çərçivəsində təşkil olunan Azərbaycan stendini ziyarət ediblər.

"Azərbaycan günləri" çərçivəsində, eyni zamanda, dahi Azərbaycan mütəfəkkiri İmaməddin Nəsimiyə həsr olunmuş təqdimat keçirilib. Təqdimatda şairin həyat və yaradıcılığı barədə məlumat verilib, "Nəsimi" filmindən fraqmentlər nümayiş etdirilib.

Tədbirlər çərçivəsində ölkəmizin turizm imkanlarını əks etdirən videoçarx, milli musiqimizə, xüsusilə muğamımıza həsr olunmuş xüsusi proqram hazırlanıb.

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov 28 May - Respublika Gününə həsr olunmuş tədbirdə çıxış edərək deyib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışının və dirçəlişinin məntiqi nəticəsi idi.

Sonda iştirakçılara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Saloniki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.