CƏMİYYƏT


Yunanıstanda bayram tədbirləri davam edir

Saloniki, 25 mart, AZƏRTAC

Yunanıstanın Salonik şəhərində “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə təntənəli bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Yunanıstanda yaşayan əcnəbilərə Novruz ənənələrini tanıtmaq, milli mətbəximizlə tanış etmək və Azərbaycan mədəniyyətini təbliğ etmək məqsədi daşıyıb. Bayram tədbirində Azərbaycanın Yunanıstandakı səfirliyinin əməkdaşları Anar Məmmədov və Emil Abbasov, Salonik şəhərində yerləşən Aristotel Universiteti, Makedoniya Universiteti, ATEİ Universiteti və “City” kollecində təhsil alan 25 fərqli ölkənin əcnəbi tələbə və müəllimləri və cəmiyyətin gənc üzvləri iştirak edib. Novruzun gəlişini əks etdirən simvollarla bəzədilmiş Qala cəmiyyətində keçirilən bayram mərasimində qədimdən bugünkü nəslə yadigar qalan qədim el adətləri nümayiş olunub, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni, milli yeməklər və novruz şirniyyatları süfrələri bəzəyib.

Tədbirdə çıxış edən “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov Novruz bayramı münasibətilə öz təbriklərini çatdırıb. Sonra hər bir şəxsə ruzi, bərəkət, sevinc arzulayan konsul Anar Məmmədov, ölkəmizin sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını bir daha yada salıb.

Tədbir zamanı qonaqlara Novruz bayramı haqqinda da ətraflı məlumat verilib.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Saloniki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.