DÜNYA
Yunanıstanda yoxsulluq riski Avropa İttifaqının orta göstəricisindən çoxdur
Afina, 21 oktyabr, AZƏRTAC
Avropa Statistika Agentliyinin 2020-ci il üzrə məlumatlarına görə, yoxsulluq və ya sosial təcridolunma riski altında olan yunanların sayı əhalinin 27.5 faizini təşkil edir. AZƏRTAC xəbər verir ki, bu göstərici Avropa İttifaqı ölkələrinin orta göstəricisindən 21.9 faiz çoxdur.
Xüsusilə, Yunanıstan yoxsulluq riski altında olan əhalinin faizinə görə Aİ-də Rumıniyadan (35,8 faiz) və Bolqarıstandan (33,6 faiz) sonra üçüncü yerdədir. Bu ölkələrdən sonra siyahıda İspaniya (27 faiz), Litva (24,5 faiz), Estoniya (22,8 faiz) və Almaniya (22,5 faiz) gəlir. Ən aşağı göstəricilər Çexiyada (11,5 faiz), Slovakiyada (13,8 faiz), Sloveniyada (14,3 faiz), Hollandiyada (15,8 faiz) və Finlandiyada (15,9 faiz) qeydə alınıb.
Yunanıstanda 18 yaşdan aşağı əhalinin 31,5 faizi yoxsulluq və ya sosial təcridolunma həddinə yaxındır, Aİ-də isə bu göstərici 24,2 faizdir. Bundan əlavə, Yunanıstanda 65 yaşdan yuxarı insanların 19,3 faizi yoxsulluq riski altındadır, Aİ-də isə bu göstərici 20,4 faizdir.
Üstəlik, uşaqlı yunan ailələrinin 29.7 faizi (Aİ-də 22.3 faizi) və uşaqları olmayan ailələrin 25.7 faizi (Aİ-də 21.6 faizi) yoxsulluq və ya sosial təcridolunma riskinə düşə bilirlər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina