Yunanıstanın Samos adasında miqrantlar meşədə müvəqqəti evlər inşa edir
AzerTAg.az
Afina, 23 noyabr, AZƏRTAC
Yunanıstanın Samos adasında miqrantlar meşə massivində taxta, sement, daş, tullantılardan evlər inşa edir. Evlər adanın paytaxtından bir kilometr məsafədə yerləşir.
AZƏRTAC xəbər verir ki, evlər burada yaşayanları qışda isitmək məqsədi daşıyır. Bildirilir ki, artıq 500 müvəqqəti ev inşa edilib. Bu evlərin hər birində 10 nəfərdən çox adam məskunlaşıb. Meşənin özü də rayonlara bölünüb. Bir rayonda suriyalılar, digərində əfqanlar, üçüncüdə isə afrikalılar yaşayır.
Rayonlara bölünmə son zamanlar baş verən etnik qruplar arasında münaqişələrin qarşısını almaq məqsədi daşıyır. Qeyd edək ki, Yunanıstan hökuməti adalarda düşərgələri bağlamaq və 20 min miqrantı materik Yunanıstana köçürmək niyyətindədir. Qərar icra olunana kimi düşərgələrdə vəziyyətin acınacaqlı hala gəlməməsi üçün miqrantların bəziləri meşələrdə ev salıblar.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Xəbərin mətnində orfoqrafik səhv var