DÜNYA
Yunanıstanla Makedoniya arasında birbaşa aviareyslər bərpa edilir
Afina, 1 noyabr, AZƏRTAC
Yunanıstanla Makedoniya arasında 15 il əvvəl dayandırılmış birbaşa hava uçuşları bərpa edilib.
AZƏRTAC xəbər verir ki, bu gündən etibarən Afinadan Skopyeyə “Aegean Airlines” şirkətinin birbaşa hava uçuşları başlayacaq. Yunanıstan xarici işlər nazirinin birinci müavini Yorqos Katrunqalosun jurnalistlərə bildirib ki, uçuşların bərpası iki ölkə arasında etimadın artımı və münasibətlərin yaxşılaşdırılması istiqamətində mühüm addımdır. Xüsusilə turizm, ticarət və biznes sahələrində inkişaf üçün təkandır.
Qeyd edək ki, iki ölkə arasında birbaşa aviareyslər 2003-cü ildən dayandırılmışdı. 2006-cı ildə Skopye aeroportuna Makedoniyalı İsgəndərin adının verilməsi diplomatik münaqişəyə səbəb olmuşdu. Bu ilin fevralında isə Makedoniya hökuməti aeroportun adını dəyişdirib. Rəsmi Afina tərəfindən yüksək qiymətləndirilən bu addım, Makedoniyanın adının dəyişdirilməsi istiqamətində danışıqlara da müsbət təsir göstərib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina