CƏMİYYƏT


Yüngül və simptomsuz xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır

Bakı, 19 noyabr, AZƏRTAC

Dünya ölkələrində yeni növ koronavirusla (COVID-19) əlaqədar statistikaya nəzər salsaq, onun hər yerdə sürətlə yayıldığını görərik. Hər ötən gün virusa yoluxanların sayında artım baş verir. Onun artmasının əsas səbəbi isə mövsüm dəyişikliyidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova məlumat verib. O deyib: “Payız-qış mövsümündə kəskin respirator xəstəliklərin yayılmasının artımı dövrü sayılır. COVID-19 da kəskin respirator virus olduğuna görə bu artım gözlənilən idi. Hazırda qrip əleyhinə peyvəndləmə aparılır. Onun koronavirusa heç bir təsiri olmasa da, eyni zamanda, xəstə həm qrip, həm də COVID-19-a yoluxarsa, peyvənd edilməsi xəstəliyin gedişatının yüngül keçməsinə səbəb ola bilər”.

Virusa yoluxanların artması ilə əlaqədar olaraq xəstəxanalarda çarpayı sayı məhdudlaşır. Ona görə kimlərin evdə müalicə olunması və hansı dərmanlar qəbul etməsi ilə əlaqədar işçi qrupun üzvü deyib: “Əsasən evdə müalicəyə yüngül simptomlu və simptomsuz xəstələr cəlb olunur və onlar Səhiyyə Nazirliyi tərəfindən bir paket dərmanlarla təmin edilirlər. Bura S, D vitaminləri, maqnezium, hərarəti aşağı salan “Parasetamol” və digər dərmanlar aiddir. Xəstədə hansı əlamət varsa, həkim tərəfindən nəzarət edilir, yəni müalicələr tam fərdi xarakter daşıyır. COVID-19-un geniş yayılmasına baxmayaraq, onun letallıq dərəcəsi aşağıdır. Yəni, yoluxanların əksəriyyəti onu yüngül formada keçirir. Ona görə də ev şəraitində nəzarət altında olanların əksəriyyəti sağalır”.

Bəzən evdə müalicə olan xəstələr həkim göstərişi olmadan antibiotiklərdən istifadə edirlər. “Virus infeksiyalarında, ümumiyyətlə antibiotikdən istifadə etməyin heç bir səmərəsi yoxdur. Antibiotiklərdən yalnız xəstəliyin ağır formalarında istifadə etmək olar. Əgər virusa, yəni sətəlcəm, otit və ya digər bakterial infeksiya qoşulursa, onda antibiotikdən istifadə etmək lazımdır. Yüngül və simptomsuz xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır”, - deyə işçi qrupun üzvü bildirib.

Ev şəraitində müalicə alan xəstələri ən çox maraqlandıran məsələ onun sağalma müddətidir. Əgər 14 gün ərzində heç bir ağırlaşma yoxdursa, deməli sağalma baş verib. Dərmanlar və vitaminli qidalarla yanaşı, sağalmanın ən səmərəli yollarından biri də düzgün qidalanma və psixoloji cəhətdən ruh yüksəkliyinin olmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.