MƏDƏNİYYƏT
Yurdumuza Bahar gəlir...
Bakı, 16 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtın 34 nömrəli uşaq musiqi məktəbi Siyəzən rayon Uşaq İncəsənət Məktəbində “Yurdumuza Bahar gəlir” adlı konsert keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Siyəzən rayon Uşaq İncəsənət Məktəbinin rəsm sinfinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış olub. Konsert İncəsənət Məktəbinin xor kollektivinin ifası ilə başlayıb.
Uşaq musiqi məktəbinin müəllimi Ülviyyə Nağıyeva çoxəsrlik tarixə malik olan və qədim adət-ənənələrimizi özündə birləşdirən “Novruz” bayramı haqqında məruzə ilə çıxış edib.
Sonra məktəbin şagirdlərindən ibarət konsert proqramı təqdim olunub.
Konsert proqramında məktəbin şagirdləri müxtəlif musiqi alətlərində Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.
Tədbiri daha da maraqlı edən şagirdlərin aparıcı tərəfindən verilən tapmacaları cavablandırmaqları olub. Qaliblərə müxtəlif hədiyyələr verilib.
Sonda Siyəzən rayon Uşaq İncəsənət Məktəbinin direktoru Rəhim Bağırov çıxış edərək maraqlı tədbirin keçirilməsinə gərə məktəbə təşəkkürnamə təqdim edib.
34 nömrəli uşaq musiqi məktəbinin direktoru Vəfa Həziyevaya çıxışında Novruz bayramı münasibətilə kollektivi təbrik edib. Qeyd edib ki, belə tədbirlərin keçirilməsinin şagirdlərin inkişafı üçün faydası var və bugünkü tədbir uzun müddət şagirdlərimizin yaddaşlarında qalacaq.
Sonda İncəsənət Məktəbinə xatirə hədiyyəsi təqdim olunub.