CƏMİYYƏT


Yuri Baturo: Azərbaycan Skautlar Assosiasiyası ilə çox sıx əlaqələrimiz var

Bakı, 18 avqust, AZƏRTAC

Belarusda skaut hərəkatı rəsmən 1991-ci ildə yaradılıb. Postsovet məkanında ilk skaut hərəkatlarından biri olan bizim təşkilatın bu gün təxminən 1200 üzvü var. Mən özüm artıq yetkin yaşda, orduda xidmətdən sonra təhsil sahəsində işləməyə başladım və skaut hərəkatı barədə o vaxt xəbər tutdum. Əlbəttə, Sovet İttifaqında böyümüş bizim nəsil pioner təşkilatını görüb. Bu təşkilatın bir sıra elementləri – şeypur, təbil, qalstuk, bayraq, yürüşlər, düşərgələr skaut hərəkatından mənimsənilib.

Belarus Respublikası Skaut Assosiasiyasının sədri, Bakıda keçirilən Dünya Skaut Konfransında iştirak edən Yuri Baturo bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Belarus skaut təşkilatının başçısı deyib: “Çox şadam ki, gənclər forumu və Dünya Skaut Konfransı məhz Azərbaycanda keçirilir. Sizə bir sirr açım: bundan əvvəlki, Sloveniyada keçirilən konfransda mən məhz sizin ölkəyə səs vermişdim. Azərbaycan Skaut Assosiasiyası ilə bizim çox sıx əlaqələrimiz var, çünki hər iki təşkilat Avrasiya regionuna aiddir və biz ən azı yarım ildə bir dəfə görüşürük. Fürsətdən istifadə edib, Azərbaycan Skaut Assosiasiyasının prezidenti İlyas İsmayıllını Dünya Skaut Komitəsinə seçilməsi münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm”.

Yuri Baturo vurğulayıb: “Bütövlükdə bu konfransın proqramı çox zəngindir. Qeyd etmək lazımdır ki, üç il bundan əvvəlki konfransda qarşıya qoyulmuş məsələlərin çoxu bu müddətdə öz həllini tapıb. Bununla yanaşı, deputatlar hələ öz həllini gözləyən yeni mühüm problemləri və məsələləri müəyyənləşdirərək, onları müzakirə ediblər. İş qrafikinin gərgin olmasına baxmayaraq təşkilatçılar qonaqların Bakı ilə və Azərbaycan mədəniyyəti ilə tanış olmaları üçün hər cür şərait yaradıblar. Bizi ekskursiyalara, konsertlərə, təqdimat mərasimlərinə aparıblar, ləzzətli kabablara və Azərbaycan mətbəxinin digər nümunələrinə qonaq ediblər. Dənizkənarı bulvarda və Azərbaycan paytaxtının mərkəzi rayonlarında gəzintidən çox məmnun oldum, burada klassik və müasir memarlıq nümunələrinin sintezi, xüsusən Bakı liman kompleksi rayonundakı göydələnlər məni heyran etdi. Xəzər dənizinin ilıq suyuna baş vurmaq üçün Abşeron çimərliklərindən birinə getməyə də macal tapdım. Yerli sakinlər bizi hər yerdə ürək açıqlığı və qonaqpərvərliklə qarşıladı. Yerli əhalidən yol soruşanda və ya şəkil çəkdirmək istəyəndə onlar bizə səmimi yardım göstərirdilər. Müsahiblərimiz bizim Belarusdan olmağımızı biləndə isə dərhal bizə komplimentlər deyirdilər. Bunu eşitmək xoş idi ki, burada yerli sakinlərin çoxu bizi Azərbaycanın ən yaxşı dostları hesab edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.