CƏMİYYƏT
Yuri Morozov: Azərbaycan növbəti dəfə bütün dünyaya böyük təşkilatçılıq bacarığı nümayiş etdirdi
Bakı, 11 iyul, Əziz Məmmədov, AZƏRTAC
Bakıda Dünya Tibbi Hüquq Konqresinin (DTHK) təşkilatçılarına sonsuz minnətdarlığımı bildirirəm. Biz çiçəklənən şəhər, gülərüz insanlar gördük, qonaqlara səmimi dostluq münasibəti hiss etdik. Konqresin keçirilməsinə böyük qüvvə sərf olunduğunun və bütün bu işlərin böyük ürəklə görüldüyünün şahidi olduq. Azərbaycan növbəti dəfə dünyaya böyük təşkilatçılıq bacarığı nümayiş etdirdi. Dərhal hiss edilir ki, respublika rəhbərliyi DTHK kimi irimiqyaslı tədbirin yüksək səviyyədə keçirilməsinə böyük əmək sərf edib. Azərbaycan Prezidenti İlham Əliyevin və Dünya Tibbi Hüquq Assosiasiyasının yubiley Konqresinin keçirilməsinə böyük şəxsi töhfəsi olan Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə görülən təşkilati işlər böyük təəssürat doğurur.
Bu sözləri XXIII DTHK-nın iştirakçısı, tibb elmləri doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin müalicə fakültəsinin məhkəmə təbabəti kafedrasının professoru Yuri Morozov AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.
Dünya Konqresinin məqsəd və mövzularından söz açan rusiyalı ekspert deyib: “Tibbi hüquq, bioetika, məhkəmə təbabəti və məhkəmə ekspertizası sahələrində aparıcı dünya mütəxəssisləri bilik və təcrübə mübadiləsi aparmaq, DTHA-nın yeni yarım əsrlik tarixinin ilk səhifələrini açmaq üçün Bakıya toplaşıblar. Bu, elmin eyni sahələrində çalışan, amma indiyədək görüşmək fürsəti olmayan insanları bir araya gətirmək üçün gözəl imkandır. Gündəlikdə təhsil, ətraf mühit və biomüxtəlifliyin qorunması ilə bağlı olan mühüm bioetika və məhkəmə-tibb məsələləri əks olunub. Konqresin əsas mövzusu - “Tibbi hüquq, bioetika və multikulturalizm” dünyanın multikulturalizm və sivilizasiyalararası dialoq mərkəzlərindən biri kimi Bakının rolunu vurğulayır”.