MƏDƏNİYYƏT


Yuri Qaqarinin şücaətinə Azərbaycan himni

Bakı, 8 aprel (AZƏRTAC). 2011-ci il aprelin 12-də sovet kosmonavtı Yuri Qaqarinin dünyada ilk dəfə kosmosa uçduğu gündən 50 il keçir. Bu əlamətdar tarixlə əlaqədar bütün dünyada, o cümlədən keçmiş sovet respublikalarında insanın ilk dəfə kainatın ənginliklərinə çıxmasına həsr edilmiş yubiley tədbirləri keçirilir. Bu tarix Azərbaycanda da geniş qeyd edilir, çünki sovet dövründə kosmik fəzanın fəth edilməsinə bizim respublika da öz töhfəsini vermişdir. Hamıya məlumdur ki, Yuri Qaqarinin uçuşa hazırlanmasında həmvətənimiz general Kərim Kərimov bilavasitə iştirak etmiş və buna görə Lenin ordeninə layiq görülmüşdür. Əlbəttə, biz hamımız qürur duyuruq ki, bu bəşəri hadisədə Azərbaycan da iştirak etmişdir. Lakin Azərbaycan incəsənəti də bu böyük qələbədən kənarda qalmamışdır. Dünya şöhrətli həmvətənimiz Tahir Salahovun yaradıcılığı buna sübutdur.

Əlbəttə, Y.Qaqarinin kosmosa uçuşunun 50 illiyi özlüyündə müxtəlif ölkələrdən olan insanlar arasında dostluq əlaqələri yaradılmasına xidmət edir, çünki kosmosun fəthi dünya miqyaslı hadisədir. Hesab edirik ki, Azərbaycanın, SSRİ-nin və Rusiyanın Xalq rəssamı Tahir Salahovun orijinallığına görə insanı heyran edən “Sənə bəşəriyyət” tablosu bu əlamətdar tarix ərəfəsində ən parlaq və rəmzi məna daşıyan sənət nümunəsidir.

İncəsənətdə gələcəyi qabaqlamaq qabiliyyəti ilə seçilən insanlar həmişə olmuşdur. Yaşadığı dövrün və hətta gələcəyə aid hadisələrin mahiyyətini aça bilmək - insanın intellektual fəaliyyətinin əlamətdar formalarından biridir. Bu baxımdan, Tahir Salahovun əsərləri heyrətamiz xüsusiyyətə malikdir: bu əsərlər nəinki öz aktuallığını itirmir, əksinə, çox vaxt zamanı qabaqlayır, yaradıldığı vaxtdan uzaqlaşdıqca daha da sanballı olurlar. Tahir Salahovun fırçasının məhsulu olan “Sənə bəşəriyyət” tablosu məhz bu cür əsərlərdəndir. “Sərt üslub”un liderlərindən biri, həyatın ritmini dəqiq tutmağı, zamanı dinləməyi və eşitməyi bacaran sənətkarlardan olan T.Salahovun bu əsəri ilk dəfə 1961-ci il aprelin 12-də Bakıda təşkil edilmiş respublika bədii sərgisində nümayiş etdirilmişdir. Ölçüləri təqribən 2 x 6 metr olan tablo o vaxt sənətsevərlərin böyük rəğbətini qazanmışdır. Dahi rəssam həmin günləri xatırlayaraq deyir: “Məlum oldu ki, mənim sövq-təbii hisslərim zamanı qabaqlayıbmış, məhz həmin gün hamı eşitdi ki, Yuri Qaqarin kosmosa uçmuşdur. Kosmik Odisseya belə başladı”.

Yeri gəlmişkən, bu əsərin ölçülərinin bu qədər böyük olması sifariş edilməmişdi, ustad sənətkarın özünün dediyi kimi, bu onun qəlbinin daxili, optimist tələbi idi. T.Salahov yazır: “Çox böyük ölçülü kətan emalatxanaya yerləşmirdi, buna görə də mən həmin rəsm üzərində yaxınlıqdakı məktəbin binasında işləyirdim”.

Kətan üzərində təsvir edilmiş, uzadılmış əllərində işıq saçan sferalar tutmuş halda mavi səmada uçan iki insan fiquru Yuri Qaqarinin şücaətinə romantik himn kimi qəbul edilmiş və cəmiyyətdə geniş əks-səda doğurmuşdu. “Sənə bəşəriyyət” əsərinin ilk dəfə nümayiş etdirildiyi gündən yarım əsr keçir. İndi həmin əsər sanki ikinci həyat qazanmış, yeni məna və mahiyyət kəsb etmiş, tarixə düşmüşdür. Bütün bunlar həqiqi dəyərləri təcəssüm etdirən incəsənətin ölməz olduğuna dəlalət edir.

1961-ci ildə təqdim olunduqdan sonra bu əsər 2008-ci il dekabrın 9-da Moskvada “Aydan qalereyası” sərgisində nümayiş etdirilmişdir. Tahir Salahovun 80 illik yubileyinə həsr edilmiş həmin sərgidə yalnız bir eksponat vardı – “Sənə bəşəriyyət”.

2008-ci ildə bu əsər Venetsiya biennalesində də göstərilmişdir. Bu, dünyaşöhrətli rəssamın yaradıcılığının beynəlxalq miqyasda qəbul edilməsinə sübutdur. Əsərin məna konnotasiyaları kosmosa ilk uçuş, kainatın fəth edilməsi perspektivi, eyforiya və nikbinlikdir.

Bu əsərin yaranma tarixi çox maraqlıdır. Tahir Salahovun 1961-ci ildə çəkdiyi “Sənə bəşəriyyət” tablosu sənətkarın öz dövrü və “sərt üslub” üçün əlamətdar sayılan digər əsərləri: “Növbədən qayıdanlar” (1957), “Neftçi” (1959), “Rezervuar” (1959), “Səhər eşelonu” (1959), “Təmirçilər” (1960), “Abşeron qadınları” (1967), “Yeni dəniz” (1970), “Aydan” (1967) əsərləri, yaxud bəstəkarlar Qara Qarayevin, Fikrət Əmirovun, Dmitri Şostakovişin portretləri ilə müqayisədə xeyli az tanınmışdır. Lakin bu əsər çox mürəkkəb tale yaşamışdır. Bütün dahiyanə dəyərlər kimi “Sənə bəşəriyyət” əsəri də müəyyən mənada həyatın sınağından çıxandan sonra biz onu yeni şəkildə, yeni məna çalarları ilə qavrayırıq.

Tahir Salahov bir dəfə özünün bu əsəri barədə demişdir: “1959-cu ildə, insanın kosmosa uçuşundan iki il əvvəl gecənin bir vaxtı mən qəflətən yuxudan ayıldım və kosmik səmada yanar ulduzlar arasında uçan, antik çöhrəli kişi və qadın eskizi çəkdim. Az sonra mən həmin eskizi kətan üzərinə köçürdüm və məhz Yuri Qaqarin kosmosa uçan gün bu işi sərgidə nümayiş etdirdim”.

Keçən əsrin 50-ci illərində kosmik tədqiqatlar sürətlənməyə başlayanda məlum səbəblərə görə sovet rəssamları bu prosesə lazımınca diqqət yetirə bilməmişdilər. Tahir Salahov isə ona xas olan fenomenal intuisiya sayəsində bu mövzunu dəqiq, parlaq və obrazlı şəkildə açmışdır. Lakin qəribə də olsa, yeni kosmik əsrin rəmzinə çevrilə biləcək bu əsər müasir dildə desək, o qədər də adekvat şəkildə qəbul edilməmişdi. Rəssam o dövrü xatırlayaraq deyir: “Mənim qulağıma çatırdı ki, bu əsərimi formalist iş adlandırırlar. İncəsənət məmurları soruşurdular: əgər bu əsər kosmos haqqındadırsa, Qaqarinin sifəti niyə görünmür? Düzdür, mən Azərbaycan Rəssamlar İttifaqının sədri olduğuma görə bunu heç kəs üzümə demirdi. Bununla belə, hiss edirdim ki, bu əsər bəzilərini qıcıqlandırır və onlar narazıdırlar. Amma daxili narahatlıq hissləri keçirməyimə baxmayaraq “Sənə bəşəriyyət” əsərini SSRİ Rəssamlar İttifaqının Moskvada, Manejdə təşkil edilmiş hesabat sərgisinə göndərməyi qərara aldım. Əsəri Moskvaya gətirdilər, sərgidə asdılar. Ənənəyə görə ertəsi gün montajdan sonra, vernisajdan əvvəl Mədəniyyət Nazirliyinin rəhbərləri Manejə gəlir, oradakı işlərə diqqətlə baxır, həm də xoşlarına gəlməyən əsərləri sərgidən götürürdülər. Mənə artıq demişdilər ki, bizim zaldan, yəni Azərbaycan Respublikası üçün ayrılmış zaldan “Sənə bəşəriyyət” əsərini hökmən götürəcəklər. Bu ərəfədə Bakıya gəlmiş bədii komissiya Mədəniyyət Nazirliyinə artıq məruzə etmişdi ki, Azərbaycanda, Moskva rəislərinin gözündən uzaqda formalizm tüğyan edir, yerli rəssamlar sovet xalqının qəhrəmanlıqlarla dolu adi iş günləri əvəzinə hansısa uçan adamların şəklini çəkirlər və ümumiyyətlə, orada nə baş verdiyini bilmək olmur. Mən də qərara gəldim ki, bu əsərin sərgidən çıxarılmasına imkan verməyəcəyəm! Buna görə də komissiyanı gözləmədən, bu işi özüm etdim. Əlbəttə, mənim üçün çox ağır idi, lakin bu hərəkətimlə mən özüm Rəssamlar İttifaqını pis vəziyyətdən çıxarmışdım, buna görə SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi Sergey Vasilyeviç Gerasimov sonradan mənə təşəkkür etdi”.

Bu gün biz bu heyrətamiz əsəri özümüz üçün yenidən kəşf edirik. İnsanın kosmosa ilk uçuşu ilə bərabər, bu əsərin yaranmasının da 50 illik yubileyini qeyd edirik.

“Sənə bəşəriyyət” əsərinin çəkildiyi vaxtdan 2008-ci ildə ekspozisiyaya qoyulduğu günə qədər Rusiyada heç kəs onu görməmişdi. Elə Azərbaycanda da çoxlarının ondan xəbəri yox idi. Ancaq bu əsər öz aktuallığını itirməmişdir və bu gün həmişəkindən daha müasir görünür.

Görkəmli rəssamın qızı, 2008-ci ildə Moskvada bu əsərin sərgisini təşkil etmiş Aydan Salahovanın fikrincə, geniş tamaşaçı kütləsinin hətta bu əsərin reproduksiyası ilə də tanış olmamasının səbəbi əsərin böyük ölçüləri ilə bağlıdır. A.Salahova deyir: “Bu əsərin bəsirəti, əhatəliliyi və rənglər qamması onu görənlərin hamısını heyran edirdi. Lakin ölçüləri o qədər böyük idi ki, hətta onun normal fotoşəklini də çəkmək mümkün olmurdu. Buna görə də o, bir növ unudulmuşdu – onu yalnız 1961-ci ildən asıldığı muzey zalına gələnlər görmüşdü”. Qeyd edək ki, o vaxtdan Bakıda, İncəsənət Muzeyində saxlanılan bu əsər 2008-ci ildə bərpa edilmişdir.

Tahir Salahov deyir: “Bu gün, yarım əsrdən sonra mən bu əsərə artıq başqa gözlə baxıram. Halbuki bütün bu illər ərzində daim özümdən soruşurdum: görəsən düzmü edib bu əsəri çəkmişəm?”

Tahir Salahovun xalça üzərinə köçürülmüş əsərləri arasında “Sənə bəşəriyyət” də vardır. 2011-ci ilin yanvar ayında Moskvada Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Muzeyində sumqayıtlı ustalar tərəfindən toxunmuş xalçaların sərgisi təşkil edilmişdir. Həmin sərgidə T.Salahovun xalça üzərinə köçürülmüş “1001 gecə”, “Dədə Qorqud”, “Şostakoviçin portreti”, “Odlar diyarı”, “Aydan” və başqa əsərləri də nümayiş etdirilmişdir.

Bu da əlamətdardır ki, insanın kosmosa ilk uçuşunun 50 illik yubileyi ilə əlaqədar Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzərində “Sənə bəşəriyyət” əsəri təsvir edilmiş poçt markası buraxmağa hazırlaşır.

Tahir Salahov öz dühası ilə Azərbaycan və dünya incəsənətinin inkişafına çox qiymətli töhfələr vermişdir. Onun bütün əsərləri insanın duyğularını, amallarını, iztirablarını əks etdirir. “Sənə bəşəriyyət” kimi, onlar da gələcəyə istiqamətlənmişdir. Rəssam özü bu əsər barəsində yazır: “Mən çox şadam və taleyimdən çox razıyam ki, bu əsər üzərində iş prosesində sanki mənim bəsirət gözüm açılmışdı. Məncə, bu rəmzi məna daşıyır”.

######

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.