MƏDƏNİYYƏT


Yurmala Baltik rivyerasının renessansıdır

Bakı, 22 avqust, Emil Eyyubov, AZƏRTAC

Yurmalaya yollananda haradasa Latviyada, dənizin sahilində yerləşən, hələ sovet dövründən musiqi və yumor festivallarının keçirildiyi bir şəhərcik təsəvvür edirdik. Odur ki, özünəməxsus arxitekturası, dünya səviyyəli sanatoriyaları və şəfalı iqlimi olan Avropa tipli səliqəli kurort şəhəri görəndə təəccübləndik. Bu torpağın əsas sərvəti onun ecazkar təbiətidir. Bir tərəfdən, onu qumsal sahilləri bərq vuran çimərliklər boyunca qalın şam meşələrinin uzandığı Riqa körfəzinin suları yuyur, digər tərəfdən, böyük Liyelupe çayı axır və bu mənzərəni mineral bulaqlar və müalicəvi palçıq mənbələri ilə zəngin olan çoxsaylı göl və bataqlıqlar tamamlayır.

Sovet dövründə kosmonavtlar və vəzifəli partiya işçiləri Yurmalada dincəlib müalicə olunurdular. Bu gün isə bu balneoloji kurort öz qapılarını hər kəsin üzünə açıb.

Riqa körfəzi, çiçək buludlar və dirçəliş

Biz Bakıdan Riqa aeroportuna “airBaltic” aviaşirkətinin birbaşa reysi ilə gəldik. Uçuş təqribən üç saat yarım çəkdi. Şübhəsiz ki, Latviyaya getmək üçün Şengen vizasını qabaqcadan almışdıq.

Aeroport binasından çıxanda meşənin ətri hopmuş ionlaşmış hava bizi məst etdi. Bu hava ilə köks dolusu nəfəs alandan sonra yolumuza davam etdik. Riqa aeroportundan Yurmalaya avtomobillə cəmi 10 dəqiqəlik yoldur. Bu yol Riqanın özünə gedən yoldan qısadır. Amma Yurmaladan Riqanın mərkəzinə 25 dəqiqəyə getmək olar. Biz bu iki şəhərin bir-birinə bu qədər yaxın olduğunu bilmirdik. Amma Yurmalanın tarixi ilə tanış olanda bu fakt daha təəccüblü görünmür. Axı XX əsrin birinci yarısında bu kurortu Riqa körfəzi (Yurmala latış dilindən “körfəz” kimi tərcümə olunur) adlandırırdılar.

Riqa aeroportundan Yurmalaya gedən müasir çoxzolaqlı avtomobil yolu başdan-başa sütunlardan asılmış, topa buludlar şəklində təbii çiçəklərə qərq olmuş kaşpolarla bəzədilib. Bu detal bizə İsveçrə və Almaniya şəhərlərini xatırlatdı. Bu ölkələrin də irili-xırdalı bütün şəhərlərinin eyvanları bu cür gül-çiçək içindədir, hər yerdə belə çiçəkliklər salınıb. Biz Yurmalanın mərkəzində gözəl dekorasiya olunmuş çiçəkliklərə çox rast gəldik. Qeyd edək ki, burada abadlaşdırma işləri ilə şəhər bələdiyyəsinin xüsusi bölməsi məşğul olur.

Avtomobil yolunun hər iki tərəfi boyunca qalın meşə zolağı uzanır. Yurmala ərazisinin təqribən 40 faizi meşəlikdir. Burada tülkülər, dovşanlar və başqa heyvanlar məskunlaşıb. Çox vaxt onları avtomobillərdən görmək olur.

Şəhərə yaxınlaşdıqca meşə seyrəkləşir, yol kənarındakı evlərlə əvəzlənir. Tikililərin əksəriyyəti bu yerlər üçün ənənəvi tərzdə inşa edilib. Oyma naxışlı verandaları olan, dam örtüyündən kiçik qüllələr ucalan bu taxta evlərin hər birinin yüz və daha çox yaşı var. Buna baxmayaraq, onlar çox səliqəli görünür, çünki ev sahibləri onların bərpasının qayğısına qalıblar. Burada hətta tamamilə köhnəlmiş tikililəri də sökməyə deyil, gələcək nəsillər üçün bərpa etməyə çalışırlar. Doğrudur, SSRİ-nin dağılmasından sonra Latviyada mülkiyyətin qanuni varislərə - qolçomaqlıqdan salınmış torpaq sahiblərinin nəslindən olan şəxslərə qaytarılması prosesinin başlaması bu işdə az rol oynamayıb. Hətta söküntüsü nəzərdə tutulmayan hər hansı sovet müəssisəsinin, məsələn, sanatoriyanın yerləşdiyi ərazinin də hüquqi varisinə kompensasiya ödənilib. Şəxsi mülkiyyətə bu cür hörmət bəsləmək müasir Yurmalanın tarixi simasının dirçəlməsinə kömək edib.

Balıqçılar, qum təpələri və Mavi bayraq

Nəhayət, mehmanxanamıza gəlib çatdıq. “Hotel Jurmala Spa” Yurmalanın mərkəzində, dənizin və şəhərin əsas ticarət və əyləncə arteriyası olan Yomas küçəsinin yaxınlığında SSRİ dövründən qalma sanatoriyanın yenilənmiş binasında yerləşir. Oteldə ən müasir standartlara cavab verən “Wellness Oasis” SPA kompleksi fəaliyyət göstərir. Kompleks əsaslı şəkildə yenidən qurulandan sonra bu ilin avqustunda öz qapılarını istifadəçilərin üzünə açıb. Mərkəzdə bir neçə sauna, su temperaturu müxtəlif olan hovuz və cakuzilər, sağlamlaşdırma proqramları təqdim olunub.

Bir qədər dincələndən sonra Yurmalanın tarixi ilə tanışlığımızı davam etdirmək üçün onun ən görməli məkanlarından birinə - açıq səma altında yerləşən Balıqçı kəndinə yollandıq. Yeri gəlmişkən, müasir Yurmalanın yerində hələ 200 il əvvəl balıqçı məskənləri yerləşib və XX əsrin əvvəllərinədək mövcud olub. XIX əsrin sonu – XX əsrin əvvəllərində yurmalalı balıqçıların gündəlik həyatından maraqlı söhbətlər açan muzey Raqa qum təpəsinin ətəyində yerləşir. Burada biz tam təchizatlı iki qədim balıqçı gəmisi gördük, balıqçı evlərinə girib onların məişəti ilə tanış olduq. Evlərdən biri varlı balıqçı ailəsinin, nisbətən kiçik olan digər ev yoxsul balıqçı ailəsinin məişətini illüstrasiya edir. Biz odun sobası ilə qızdırılan və hələ də çox populyar olan yerli hamama da baxdıq. Muzey yayda, cümə axşamı günlərində saat 12:00-dan 15:00-dək müsafirlərə xoş sürpriz edir. Yerli balıqçılar ənənəvi üsullarla balığı necə hisə verdiklərini nümayiş etdirir və dequstasiya təklif edirlər.

Müalicəvi sular və palçıqla zəngin olan bu yerlər XVIII əsrin axırlarında kurort şöhrəti qazananda, balıqçılar özlərini itirməyiblər. Onlar istirahətə gələnlərə ev icarə verməyə, digər xidmətlər təklif etməyə başlayıblar. İlk kurort Dubbelne qəsəbəsində (hazırda Dubultı rayonu) yaranıb. Onun ardınca digər balıqçı qəsəbələri də yavaş-yavaş bağ yerlərinə çevrilib. Riqa ilə nəqliyyat rabitəsi yaradılandan - əvvəlcə bərə xətti, 1843-cü ildə dəmir yolu açılandan sonra körfəzdə kurort həyatı qaynamağa başlayıb. Amma bu kurort hələ uzun müddət ayrı-ayrı qəsəbələrdən ibarət olub. Yalnız 1959-cu ilin sonunda Riqa körfəzini, Kemerini və Slokanı bir şəhərdə birləşdirərək Yurmala adlandırıblar.

Balıqçı məskəni muzeyi “Raqakapa” Təbiət Parkının yaxınlığında yerləşir. Bu xüsusi mühafizə olunan ərazi yüzillik şam ağaclarının bitdiyi meşənin ekoloji sistemini və sahil zolağını qoruyub saxlamaq üçün yaradılıb. Meşə ilə sahil zolaqlarının qonşuluğu Yurmala üçün çox səciyyəvidir. Belə ki, dəniz sahili ilə meşə zolağı arasında məsafə cəmi 25-30 metrdir. Yəni, istirahət edənlər dənizdə çimib günəş vannası qəbul etməyi rahat şəkildə meşə gəzintiləri ilə uyğunlaşdıra, fitonsidlərlə zəngin dəniz havası ilə köks dolusu nəfəs ala bilərlər.

Sonra sahil xəttinə yollanırıq. Meşəyə paralel olan sahil xəttinin uzunluğu 24,2 kilometrdir. Dənizdən meşəyə qədər bütün ərazi ağ kvars tərkibli narın qumla örtülüb. Qumun üstündə gəzmək xoşdur, amma onun üstündə günəş vannası qəbul etmək daha xoşdur. Meşə xəttinə yaxınlaşdıqca küləyin sovurduğu qumlar barxanlar əmələ gətirir. Buna görə də yerli əhali bu yerləri qum təpələri adlandırırlar.

Riqa körfəzinin bütün sahil xətti boyunca 11 çimərlik yerləşir. Onların 7-nə “Mavi bayraq” beynəlxalq ekologiya sertifikatı verilib. Sertifikat həmin çimərliklərdə dəniz suyunun çimməyə yararlı olduğunu, infrastrukturun isə bütün beynəlxalq standartlara cavab verdiyini göstərir. Yurmala çimərliklərində fiziki imkanları məhdud olan şəxslər üçün də hər cür şərait yaradılıb.

Suyun dayaz olması yerli çimərliklərin daha bir xüsusiyyətidir. Suyun dərinliyi çox ləng artır. Bəzi yerlərdə suya tam baş vurmaq üçün az qala 100 metr getmək lazımdır. Riqa körfəzində su şəffafdır və o qədər də duzlu deyildir - cəmi 5,5 promilledir.

Yomas küçəsi, Aspaziya və Dzintari cazibəsi

Çimərliklərdən birinin, otelimizin yaxınlığındakı Dzintari çimərliyinin Yurmalanın mərkəzi küçəsi Yomasa çıxışı var. Yayda bu küçədə istirahət edənlərin əlindən iynə atsan, yerə düşməz. Əfsanəyə görə, Yurmala məhz burada yaranıb. Vaxtilə bu yerlər başdan-başa boş qumsallıq ərazi olub. Dəniz küləyi bu ərazidə qum təpələrindən və dayaz dərələrdən ibarət zolaqlar – “jomas”lar əmələ gətirib. “Jomas” latış dilindən tərcümədə “qum dalğaları” deməkdir. Sonralar onların birində eyniadlı küçə salınıb. Bu gün burada həyat qaynayır, küçə yeməklərinin, suvenirlərin satıldığı kiçik dükanlar, mağazalar, populyar kafe və restoranlar işləyir.

Amma Yurmalada həyat təkcə günəş vannaları və gəzintilərlə məhdudlaşmır. Şəhərdə çoxlu mədəniyyət müəssisəsi var. Onlar Yurmalanın tarixini yaxından öyrənməyə, asudə vaxtı səmərəli keçirməyə imkan verir. Mesenat Kristaps Morberqin bağının tarixi binası ən maraqlı görməli yerlərdən biridir. Təqribən 1883-cü ildə neoqotika üslubunda inşa edilmiş bu tikili dövlət əhəmiyyətli taxta memarlığı abidəsidir. 2007-2008-ci illərdə kompleksin binalarında və interyerində bərpa işləri aparılıb, XIX əsr planlaşdırması və bağ landşaftı bərpa olunub. Latviyalı tikinti podratçısı və mesenat Kristaps Morberq bu malikanəni öz ailəsi üçün inşa etdirib. Burada öz dövrü üçün novator ideyalardan və qabaqcıl texnologiyalardan istifadə edib. Binanın interyerinin tavanında naxışlı plafonlar, vitrajlar, rəngbərəng minalı kaşıdan gözəl dəyirmi sobalar və buxarılar qorunub saxlanılıb. Malikanənin həyətində at tövləsi və nəbatat bağı yerləşir. K.Morberqin vəsiyyətinə görə, binalar kompleksi 1928-ci ildə Latviya Dövlət Universitetinə verilib.

Rəssamların, musiqiçilərin, ədiblərin və arxitektorların yayda bura axışması və ya buranı daimi yaşayış yeri seçməsi Yurmalanı fərqləndirən mühüm cəhətdir. Birinci Latviya Respublikası dövründə (1918-1940-cı illər) Riqa körfəzi latış ədəbiyyatı tarixində ən məşhur cütlüyün – şair Raynisin və onun xanımı, feminist ruhlu Aspaziyanın yay iqamətgahı olub. Bu poetik cütlük ən yaxşı əsərlərini burada yaradaraq latış ədəbiyyatı ilə bərabər, latış dilində və dünyagörüşündə də silinməz izlər qoyub. Bir vaxtlar onlara məxsus olan iki malikanə bu gün memorial muzeylərə çevrilib. Aspaziya Muzeyi əsaslı yenidənqurmadan sonra Yurmala sakinlərini və qonaqlarını latış poeziyasının qızıl dövrünə aparan maraqlı məkana çevrilib.

Yeri gəlmişkən, gözlənilmədən burada Yurmala ilə Bakının əlaqəsini kəşf etdik. Sən demə, tanınmış latış naşiri və mesenatı Andreys Birzniyeks Upitis neft bumu dövründə qazanc dalınca Bakıya gəlib. O, qazandığı pullarla Aspaziyaya, Raynisə və digər latış ədiblərinə maliyyə yardımı edib. Cənab Upitesin Bakının Balaxanı poçt şöbəsindən Aspaziyaya göndərdiyi məktub indiyədək şairənin ev-muzeyində saxlanılır.

Yurmala öz qonaqlarına təkcə qədim və müasir, dəbdəbəli bağ evlərinə tamaşa edərək zövq almağı deyil, həm də şəhər parklarında dincəlməyi təklif edir. Şəhərin mərkəzində yerləşən “Dzintari” Meşə Parkı onlar arasında xüsusi seçilir. Park həm fəal, həm də müntəzəm istirahəti sevənlər üçün nəzərdə tutulub. Burada həm ailə, həm də dostlarla vaxt keçirmək, idmanla məşğul olmaq, gəzintiyə çıxıb şam meşəsinin havasını doyunca ciyərlərinə çəkmək olar. İlboyu işləyən bu parkda hər yaşda uşaqlar üçün meydançalar, diyircəkli konkisürən və piyada yolları, skeytpark, stritbol meydançaları, müxtəlif kafelər var. Qışda parkda xizəklə gəzintiyə çıxmaq olar. On iki eyvanı olan 33,5 metr hündürlüyündə müşahidə qülləsi açıq havada bədən tərbiyəsi həvəskarlarının sevimli yeridir.

Meşə parkının yaxınlığında şəhərin ən mühüm mədəniyyət abidələrindən biri – 1936-cı ildə inşa edilmiş “Dzintari” Konsert Zalı yerləşir. 2015-ci ildə əsaslı yenidənqurmadan sonra zal daha təntənəli görkəmdə şəhər sakinlərinin istifadəsinə verilib.

Son söz yerinə

Reportajımızın növbəti hissəsində sizə turistlər üçün pulsuz olan “Kemeri” Milli Parkından söhbət açacağıq. Bu parkda sanki “National Geographic” telekanalının təbiət haqqında filmlərinin birinə düşürsən. Bundan əlavə, Yurmalanın müalicəvi kurort imkanlarından danışacağıq. Yerli sağlamlıq ocaqları mineral sular və palçığın gücü ilə elm və texnikanın son nailiyyətlərini özündə səmərəli birləşdirən böyük müalicə, reabilitasiya və SPA xidmətlər siyahısı təklif edir. Odur ki, fürsəti əldən verməyin!

Fotolar Fərhad Həşimovundur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.