İQTİSADİYYAT


Yusif Abdullayev: Azərbaycanda “EXİM Bank” alətləri yaradılır

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) “EXİM Bank” alətlərinin yaradılması istiqamətində iş aparır.

AZƏRTAC xəbər verir ki, bu barədə AZPROMO-nun rəhbəri Yusif Abdullayev məlumat verib.

O qeyd edib ki, bu alətin istifadəyə verilməsi ixracatçılarımızı, onların xarici bazara çıxardığı məhsul və xidmətləri yeni mərhələyə keçirəcək.

Y.Abdullayev söyləyib ki, ilk mərhələdə sadəcə alətlərin yaradılması nəzərdə tutulur və burada kreditləşmə və maliyyələşmənin tətbiqi, xarici ölkəyə satılan məhsulun qarşı tərəfdə sığortalanması, risklərin alınması kimi məsələlər öz əksini tapır: “Uğurlu alınarsa, biz hökumətə bunu “EXİM Bank”ın - yəni bütün dünyada tətbiq edilən ixrac və idxal əməliyyatları üzrə bankın yaradılmasını təklif edə bilərik. Hələ ki, bunun bank formasında olub-olmayacağını demək çətindir. Bu alətlər İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən quruma həvalə ediləcək. Biz nəticəni görəndən sonra növbəti addımlarımızı atacağıq. “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı Prezidentin Fərmanında çox geniş mexanizmlər var, lakin mexanizmlərdə maliyyə alətləri dəstəyi yox idi. Bu alətlər olandan sonra bütün istiqamətlər üzrə ixracatçılarımıza təşviq alətlərimizi tətbiq edəcəyik. Proses təkcə bununla məhdudlaşmayacaq, yeni mexanizmlər ixracatçılarımıza tətbiq olunacaq”.

“AZPROMO Fondu 20 ilə yaxın fəaliyyət göstərdikdən sonra dövlətimizin başçısının 2021-ci il 23 iyul tarixli Fərmanı ilə agentliyə çevrilib. Bu, Prezident İlham Əliyevin ixracın və investisiyaların təşviqinə verdiyi önəmin bariz nümunəsidir ki, biz daha geniş səlahiyyətlərə və funksiyalara malik olaq. Funksionallıq nöqteyi-nəzərdən həm investisiyaların, həm də ixracın təşviqində kifayət qədər geniş səlahiyyətlərə malikik, ən önəmli məsələ isə vahid pəncərə funksiyasını daşıyan agentliyik. İxrac strategiyasının və ixracın təşviqi ilə bağlı mexanizmlərin hazırlanması istiqamətində mütəmadi iş aparılır. 2016-cı ilin oktyabrından “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı 10 mexanizm var ki, bu gün həmin mexanizmlər çox uğurla tətbiq olunur. Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, biz qaydalara uyğun olaraq mexanizmlərin tətbiqini davam etdiririk. Yeniliklərə gəlincə isə, fərqli ölkələrdə tətbiq edilən yeni mexanizmlərin ölkədə tətbiqini nəzərdə tuturuq”, - deyə Y.Abdullayev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.