CƏMİYYƏT


Yusif Vəliyev: Gənclər Gününü müzəffər xalqın nümayəndəsi kimi Şuşada qeyd etməkdən qürur duyuruq

Azərbaycan könüllü gənclərin aktiv iştirakı ilə keçirilən aksiya gələcək nəsillər üçün örnək və vətənpərvərlik nümunəsidir

Bakı, 2 fevral, Məmməd İsayev, AZƏRTAC

Bu il Azərbaycan gəncləri 2 Fevral - Azərbaycan Gəncləri Gününü Şuşada qeyd edirlər.

Bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) sədri Yusif Vəliyev AZƏRTAC-a məxsusi müsahibəsində Laçın-Xankəndi yolunda keçirilən dinc ekoloji aksiyanın iştirakçısı olan gənclərlə bağlı təəssüratlarını bölüşərkən deyib.

“İlk öncə gəncləri bu əlamətdar gün münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram. Əminəm ki, Azərbaycan gəncləri xalqımıza, şanlı tariximizə, milli və mənəvi dəyərlərimizə sadiq qalaraq gələcəkdə də Vətənimiz Azərbaycan naminə bir çox qürurverici uğurlar əldə edəcək”, - deyə o vurğulayıb.

Yusif Vəliyev bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bugünkü Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir. Gənclərimiz dahi şəxsiyyətin bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır.

AKTİ sədri qeyd edib ki, Azərbaycan gəncləri birlik nümayiş etdirərək, əzm və qətiyyətlə Laçın-Xankəndi yolunda aksiyanı artıq 53 gündür davam etdirirlər. Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində toplaşan gənclərin tələbi Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı və ekoloji cinayətlərin dərhal dayandırılmasıdır. Havanın çox şaxtalı və soyuq olmasına baxmayaraq, Azərbaycan könüllülərinin əhval-ruhiyyəsi yaxşıdır. Bizim gənc azərbaycanlı ekofəalların, ilk gündən indiyədək tələbləri eynidir. Əsas tələb ekoloji terrora son qoyulması, ekoloji tarazlığı qorumaqdır. Həmçinin təbii sərvətlərimizin qanunsuz talanmasının qarşısını tezliklə almaqdır. Biz sülhməramlıların vəzifələrini öz missiyalarına uyğun yerinə yetirmələrində israrlıyıq. Hər gün daha çox könüllü gənclərimiz aksiyaya qoşulurlar. Aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı daha çox müşahidə olunur. İştirakçılar hər gün Azərbaycanın Dövlət Himnini səsləndirirlər.

“Azərbaycan könüllüləri və gəncləri hər zaman milli maraqlar, dövlətimizin qüdrəti, Vətənimizin bütövlüyü naminə həmrəy olub. Qeyd edim ki, 2023-cü ildə Gənclər Gününü mübariz Azərbaycan gəncliyinin və müzəffər xalqın nümayəndəsi kimi Şuşada qeyd etdik və bununla qürur və fəxr edirik”, - deyə Yusif Vəliyev əlavə edib.

Bu yaxınlarda Şuşa şəhərində Azərbaycan Gəncləri Günü münasibətilə keçirilmiş “Könlüm Şuşada 2023” adlı tədbirdə çıxışlar zamanı da Azərbaycan könüllülərinin, gənclərin fəal iştirakı ilə baş tutan dinc aksiya yüksək qiymətləndirilib və bunun gələcək nəsillər üçün örnək və vətənpərvərlik nümunəsi olduğu vurğulanıb.

Tədbirdə iştirak edən gənclər də öz növbəsində fəaliyyət göstərdikləri təşkilatlarda ötən dövr ərzində görülən işlər, həyata keçirilən layihələr, əldə etdikləri təcrübələr barədə danışıblar.

Qeyd edək ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının özündə ölkənin 24 aparıcı könüllü təşkilatından on minlərlə gənci birləşdirir. Azərbaycan könüllüsü hər zaman öz həmrəyliyi, mehribanlığı, qayğılı fəaliyyəti ilə fərqlənməyi bacarıb. Artıq Azərbaycanda könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz etməklə ümummilli hərəkata və gənclərimizin həyat tərzinə çevrilib.

Xatırladaq ki, könüllü gənclər və ekoloqlarımız Laçın-Xankəndi yolundakı etiraz aksiyasında “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edirlər. Aksiya iştirakçıları olan könüllərimiz bununla bağlı Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər. Müsbət cavab alınanadək gənclərimizin bu dinc aksiyası böyük ruh yüksəkliyi ilə davam etdiriləcək.

Aksiyanı izləyən bütün yerli və xarici media şahid olub ki, məhz sülhməramlılar keçdiyi zaman könüllülərimiz və gənclərimiz onlara humanitar yardımlar üçün şərait yaradırlar. Sülhməramlılara məxsus avtomobillər bu yolla sərbəst hərəkət edirlər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.