İDMAN
Yusuf Dikeç: Azərbaycanda keçirilən yarışlar mənə həmişə uğur gətirir
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan mötəbər beynəlxalq yarışların yüksək səviyyədə təşkilinə görə xüsusilə fərqlənir. Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatında bunun bir daha şahidi oldum.
Bu sözləri AZƏRTAC-a müsahibəsində çempionatın kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma yarışının qızıl medalını qazanan türkiyəli atlet Yusuf Dikeç deyib.
Azərbaycandan Türkiyəyə daim xoş təəssüratlarla qayıtdıqlarını bildirən Y.Dikeç insanlarımızın çox mehriban və qonaqpərvər olduqlarını vurğulayıb. O, Bakıdakı Atıcılıq Mərkəzinin möhtəşəm olduğunu, burada idmançılar üçün hər cür şərait yaradıldığını qeyd edib.
“Ölkələrimizi çoxillik sıx dostluq telləri bağlayır, mənim Azərbaycanda çoxlu dostlarım var. Qəbələdə təşkil olunan dünya çempionatında gümüş, IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışam. Bu gün isə qardaş ölkədə keçirilən Avropa çempionatının qızıl medalına sahib oldum. Bu medalı Bakıda qazandığım üçün özümü çox xoşbəxt hiss edirəm. Ümumiyyətlə, Azərbaycanda keçirilən yarışlar mənə həmişə uğur gətirir”.