CƏMİYYƏT


Yuxarı Poniçalada yaşayış binasında baş vermiş partlayışda yaralananlar azərbaycanlılardır

Tbilisi, 15 noyabr, AZƏRTAC

Tbilisi yaxınlığında Yuxarı Poniçala qəsəbəsindəki yaşayış binasında baş vermiş partlayışda dağıntılar altında qalmış qadının və onun bir yaşlı övladının cəsədləri axşam saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib. Onların kimliyi hələlik məlum deyil. Partlayış nəticəsində yaralananların kimliyi isə məlum olub.

AZƏRTAC xəbər verir ki, mənzildə baş vermiş partlayışda yaralananlar azərbaycanlı Məmmədovlar ailəsidir. Yanıq xəsarətləri alan həmin şəxslər xəstəxanada müalicə olunurlar.

Azərbaycanın Gürcüstandakı səfirliyi də məsələdən xəbərdardır. Səfirlikdən bildirilib ki, yaralananlar Gürcüstan vətəndaşlarıdır. Səfirlik məsələni diqqətdə saxlayır.

Məlumat üçün qeyd edək ki, Tbilisi yaxınlığında, əsasən azərbaycanlıların yaşadığı Yuxarı Poniçala qəsəbəsindəki dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində qaz sızması nəticəsində baş vermiş partlayış nəticəsində üçüncü və dördüncü mərtəbələrdə mənzillərin tavanı çöküb, divarlar dağılıb.

Tbilisinin meri Kaxa Kaladze hadisə yerinə gəlib və vəziyyətlə maraqlanıb. Bildirib ki, hazırda binanın digər mənzillərində vəziyyət öyrənilir. Lazım gələrsə vətəndaşlar təxliyə olunacaq və onlar müvəqqəti sığınacaqla təmin ediləcəklər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.