REGİONLAR
Yuxarı Qarabağ regionu üzrə 2778 satınalan təşkilat keyfiyyətli ərzaq məhsulları ilə təmin edilir VİDEO
Ağcabədi, 28 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Sərəncamı ilə yaradılmış “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin 12 regionda struktur bölmələri, 46 rayonda dayaq məntəqələri yaradılıb. Mərkəzi Bakıda olmaqla, 12 rayonda xüsusi təyinatlı, dünya standartlarına cavab verən soyuducu tipli depo-anbarlar qurularaq istifadəyə verilib. Bu anbarlarda ölkədə istehsal olunan bütün növ ərzaq məhsullarının standartlarına uyğun uzunmüddətli, keyfiyyətli saxlanması üçün şərait təmin edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin təşkilatçılığı ilə fevralın 28-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən regional müşavirədə məlumat verilib.
Satınalan təşkilatların təchizat səviyyəsini öyrənmək və bölgələrdə yerli məhsulların tədarük potensialını yaratmaq məqsədi ilə keçirilən maarifləndirici tədbirdə Yuxarı Qarabağ Regional Bölməsi üzrə (Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli rayonları) fəaliyyət göstərən dövlət satınalan təşkilatların və yerli icra strukturlarının nümayəndələri iştirak ediblər.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İdarə heyətinin sədr müavini Xaliq Məmmədov müşavirədə çıxış edərək, son illər dövlətimizin başçısının rəhbərliyi ilə qeyri-neft sektorunda həyata keçirilən inkişafdan söz açıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən Cəmiyyətin yaradılması aqrar sektorda tədarük zəncirinin formalaşdırılmasına, fermerlərin istehsal etdikləri məhsulların tədarük olunmasına, eləcə də satınalan müəssisələrin təchizat səviyyəsinin yüksəldilməsinə səbəb olacaq.
Diqqətə çatdırılıb ki, Cəmiyyətin yaradıldığı ötən dövrdə dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlarla 825 müqavilə imzalanıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ərzaq tələbatının təmin edilməsi üçün 1835 təchizat nöqtəsinin ərzaq təminatı təmin olunub. Cəmiyyət 2017-ci il yanvarın 1-dən etibarən satınalan təşkilatların (təhsil müəssisələri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, hərbi hissələri, digər dövlət obyektləri və sair) təchizatının həyata keçirilməsinə başlayıb.
Qeyd olunub ki, hazırda Yuxarı Qarabağ Regional Bölməsi üzrə 2778 satınalan təşkilat (uşaq bağçaları, xəstəxanalar, icra nümayəndələri və digər müəssisələr) keyfiyyətli ərzaq məhsulları ilə təmin edilir.
Regionlarda keçirilən müşavirələrin əhəmiyyətinə toxunan Xaliq Məmmədov bu tədbirlərin dövlət satınalan təşkilatlarla səhmdar cəmiyyət arasında birbaşa dialoqun qurulması, tedaruk.az portalından istifadənin izah edilməsi, satınalan təşkilatların problemlərinin yerində öyrənilərək həlli üçün qərarların qəbul olunması, kənd təsərrüfatı istehsalçıları ilə ünsiyyətin asanlaşdırılması məqsədi daşıdığını diqqətə çatdırıb. “Səhmdar cəmiyyət bu gün dövlətimizin başçısının da qeyd etdiyi kimi, kənd təsərrüfatı məhsulları istehsalçılarından istehsal etdikləri məhsulların elə tarlada alınıb daxili və xarici bazarlara satılması üçün davamlı fəaliyyət mexanizmi üzərində iş aparır”, - deyə Xaliq Məmmədov bildirib.
Diqqətə çatdırılıb ki, bölgələrdə keçirilən bu görüşlərin məqsədi regionlarda istehsal-tədarük potensialının aşkara çıxarılması, bölgədə istehsal olunan məhsulların dövlət satınalan təşkilatlarının ərzaq ehtiyacına yönəldilməsidir. Hər bir bölgədə yerləşən, təhsil müəssisəsi, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, eləcə də hərbi hissələrin ərzaq təminatı həmin bölgənin istehsal imkanları hesabına təmin olunarsa, rayonlara böyük həcmdə vəsaitlər daxil olacaq. Əsas məqsəd büdcə vəsaitlərinə qənaət, şəffaflığın təmin olunması, yerli istehsalın dəstəklənməsidir.
Regional görüşdə satınalan təşkilatların ərzaq məhsullarına tələbatı elektron portalından (tedaruk.az) istifadə qaydaları, qeydiyyatdan keçmə prosedurları ilə bağlı təlimatlar izah olunub. Tövsiyə edilib ki, hər bir satınalan təşkilat portalda öz tələbatını düzgün yerləşdirməli, dövlət vəsaitlərindən düzgün istifadə edilməsi məqsədi ilə verilən tələbatlar real ehtiyaclara uyğun olmalıdır. Bu istiqamətdə uşaq bağçası müdirlərinin, xəstəxana nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb, portalla işləmək bacarıqları ətraflı şərh olunub.
Regional müşavirənin sonunda satınalan təşkilat nümayəndələri tədarük-təchizat səviyyəsinin yüksəldilməsi, yerli məhsulların tədarük imkanları haqqında təkliflər səsləndiriblər.