REGİONLAR


Yuxarı Şirvan kanalı 10 rayonda 130 min hektar sahənin suvarılmasını təmin edir VİDEO

Ağdaş, 13 may, AZƏRTAC

Mənbəyini Mingəçevir su anbarından götürən Yuxarı Şirvan kanalı Kür çayının sol sahilindən keçməklə 130 min hektar əkin sahəsinin suvarılmasını təmin edir. Kanal Şirvan düzündə öz axını ilə suvarılan sahələrin su ilə təminatını yaxşılaşdıran əsas arteriyalardan biridir. 64 ildir istismara verilən kanala Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi xidmət edir.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Yuxarı Şirvan kanalı vasitəsilə Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və Şamaxı rayonlarının 130 min hektar torpaq sahəsi suvarılır. 10 rayonun ərazisindən keçən kanalda daim idarə tərəfindən təmir işləri, o cümlədən lildən təmizləmə işləri həyata keçirilir. Bununla da kanaldan axan suyun axını sürətlənir, xidməti ərazisində olan əkin sahələrinin suvarılması yaxşılaşdırılır. Hazırda Yuxarı Şirvan Kanalı İstismarı İdarəsinin texnikaları kanalın keçdiyi rayonların ərazilərində lildən təmizləmə işlərini yerinə yetirir. Bu günə kimi torpaq məcrada 16 kilometr, kanalın beton üzlük hissəsində isə 21 kilometr hissə lildən təmizlənib.

Yuxarı Şirvan Kanalının Əliciançay, Türyançay, Göyçay, Girdimançay, Ağsuçay, Dəvəbətançay və Nəzriçayla kəsişdiyi yerlərdə mürəkkəb konstruksiyalı 6 düker və 2 akveduk tikilib. Ümumilikdə isə kanal üzərində sadə və mürəkkəb konstruksiyalı 129 qurğu mövcuddur. Bunlardan 1 ədəd baş qurğu, 6 ədəd düker, 2 ədəd akveduk, 29 ədəd körpü, 52 ədəd selötürücü, 1 ədəd cəldağıdan, 1 ədəd sutullayıcı, 1 ədəd səviyyə qaldıran, 36 ədəd suburaxıcı qapı və 1 ədəd qidalandırıcıdır. Torpaq məcralı olan Yuxarı Şirvan kanalının təqribən 27 kilometrdən artıq hissəsi monolit betonla üzlənib. Hazırda idarənin ekskavator və buldozerləri Yuxarı Şirvan kanalının Ağdaş rayonu ərazisindən keçən hissəsində, Türyançay çayında məcra təmizləmə işlərini həyata keçirir. Çayda yeni tikilən səviyyə qaldırıcı qurğu isə Türyançay dükerinin möhkəmliyinin qorunmasını təmin edir.

Qeyd edək ki, Yuxarı Şirvan kanalı 1958-ci ildə istismara verilib. 1961-ci ildə kanalın ikinci hissəsi istismara verilərək maksimum su sərfi 78 m3/san-dir. Uzunluğu 122 kilometr olan Yuxarı Şirvan kanalı respublikanın ikinci ən böyük magistral suvarma kanalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.