ELM VƏ TƏHSİL
Yuxarı sinif şagirdləri ADNSU-da ekskursiyada olublar
Bakı, 19 may, AZƏRTAC
“Qaradağ Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 294 və 228 nomrəli tam orta məktəblərin tədrisdə yüksək nəticə göstərən 10 və 11-ci sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, şagirdlər əvvəlcə universitetin şəhid məzun və tələbələrinə həsr olunmuş guşəni ziyarət edib, vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra tələbələr universitetin tarix muzeyini ziyarət edib, neft tarixinə və universitetə aid eksponatlarla tanış olublar.
Universitetin tərbiyə işləri üzrə prorektoru dosent Ata Babayev məktəblilərə ali təhsil müəssisəsinin 100 ildən çox olan tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları və s. haqqında məlumat verib.
Daha sonra Mineralogiya muzeyini ziyarət edən şagirdlər burada qorunub saxlanılan müxtəlif növ minerallar və qiymətli eksponatlarla tanış olublar. Şagirdlər universitetin kitabxanasını, laboratoriyaları gəzib, universitetdə tədris prosesini yaxından izləyiblər.
Ekskursiyanın məqsədi şagirdləri ali məktəb mühiti ilə yaxından tanış etmək və onlarda motivasiya hissini inkişaf etdirməkdir.