CƏMİYYƏT


Yuxu rejiminin düzgün qurulması uşaq üçün çox əhəmiyyətlidir

Bakı, 21 may, AZƏRTAC

Yuxu rejiminin düzgün tənzimlənməsi uşaqların sağlam böyüməsində mühüm rol oynayan amillərdən biridir. Lakin bəzi uşaqlar, necə deyərlər, gecə ilə gündüzü səhv salır və lazımi qədər yuxu ala bilmirlər.

Bakıdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a deyib: “Uşaqların ifrat dərəcədə çox yeməsi və ya ac qalması, normal qidalanmaması, yuxuya getməyə yaxın çox yemək və ya yeməmək yuxu rejiminin pozulmasına səbəb olur. 1 yaşına qədər uşaqlarda qusma problemi olur və gecə yuxusunun pozulmasına aparıb çıxarır. Yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri də yuxu rejiminin pozulmasına səbəb ola bilər”.

Pediatr onu da qeyd edib ki, yuxu problemi uşaqlarda müəyyən çətinliklər yaradır, onların sinir sisteminə təsir edir, yaşıdlarından geri qalmasına səbəb olur: “Normal yuxu yatmayan uşaqlarda müxtəlif davranış pozğunluqları, o cümlədən əsəbilik, hiperaktivlik, diqqət və yaddaş pozğuntularına rast gəlinir. Hər xırda yuxu pozuntusu üçün valideynlər uşaqlara yuxu dərmanı, hətta təbii hesab etdikləri dərmanı da verməkdən çəkinməlidirlər. Çalışmaq lazımdır ki, yuxudan 2-3 saat əvvəl uşaqlar televizor, kompüter və telefona baxmasınlar”.

Mütəxəssislərin dediyinə görə, yeni doğulmuş körpələr gün ərzində 12-16 saata qədər yatmalıdırlar. 1 yaşına qədər körpə gündə iki dəfə yatmalıdır. 3 yaşından sonra gündüz yuxusu azalır, gecə isə 8 saat yuxu çox vacibdir.

Gecə yuxusu uşaq üçün çox böyük əhəmiyyət daşıyır. Axşam saat 21-dən saat 3-ə qədər orqanizm melatonin ifraz edir. Melatonin sinir sisteminin düzgün işləməsinin və dərin yuxunun təminatıdır və antistress təsirə malikdir. Normal yuxu yatan uşaqların iştahası və əhval-ruhiyyəsi yaxşı olur, çəki və boyartımı normal gedir. Yuxu rejiminin düzgün tənzimlənməsi isə valideynlərin üzərinə düşür. Yuxu pozğunluğu ciddi hal aldıqda mütəxəssislərin məsləhəti olduqca vacibdir, çünki kiçik bir yanlışlıq uşaqların həyatında ciddi fəsadlara səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.