REGİONLAR
Yüz altmış illik malikanədə fəaliyyət göstərən muzeydən - Fotoreportaj
Şabran, 8 avqust, Elxan Yusifli, AZƏRTAC
Pirəbədil Şabran rayonunun qədim və təbiət mənzərələri ilə zəngin kəndlərindəndir. Şabran-Pirəbədil-Zeyvə avtomobil yolu üzərində yerləşən qədim yaşayış məntəqəsi Sumağava, Sumağavaqazma və Zöhramlı kəndləri ilə eyni inzibati ərazi dairəsinə aiddir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndin ərazisində 160 il əvvəl inşa olunan Pirəbədil Tarix Muzeyi yerləşir. Bu bina 2013-cü ilədək Qəzənfər Musabəyovun ev-muzeyi kimi fəaliyyət göstərib. 1862-ci ildə tikilən malikanə Q.Musabəyovun atası Mahmudağa bəyə məxsus olub. Q.Musabəyov ictimai-siyasi xadim Ayna Sutanovanın qardaşıdır. Bütün ömrünü sovet rejiminin bərqərar olmasına, möhkəmlənməsinə həsr edən Musabəyov məhz həmin rejim tərəfindən 1938-ci ildə xalq düşməni elan olunaraq güllələnib.
2013-cü ildən muzeyin adı dəyişdirilərək Pirəbədil Tarix Muzeyi adı verilib. Muzeyin tarixi, xarici görünüşü və tikiliş üslubu kəndin qonaqlarının diqqətini cəlb edir. Bişmiş kərpicdən tikilən 2 mərtəbə muzey binası 14 otaqdan, eyvan və aynabənddən ibarətdir. Muzeydə 2500-ə yaxın eksponat toplanıb. Bunlardan 700-dən çoxu ekspozisiyada nümayiş etdirilir.
Muzeydə Quba-Şirvan xalça məktəbinin nümunələrindən hesab olunan Pirəbədil çeşnisi xalçalarının toxunma prosedurunu izləmək olar. Pirəbədil xalçaları Quba xalçaçılıq məktəbinin parlaq kompozisiyalarından sayılır. Bu xalçanın adı Şabran rayonunun eyniadlı kəndindən götürülüb. Pirəbədil kəndi 1930-cu illərə qədər Quba qəzasının ərazi vahidliyinə aid olub.
AZƏRTAC görünüşü və tikiliş üslubu ilə diqqət çəkən Pirəbədil Tarix Muzeyindən fotoreportajı təqdim edir.