REGİONLAR


Yüz yaşlı Fatma nənə uzunömürlülüyün sirrindən danışdı VİDEO

Quba, 29 yanvar, Elxan Yusifli, AZƏRTAC

Fatma Əhmədova Quba rayonunda yaşı 100-ü ötən yeganə sakindir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fatma Əhmədova 1922-ci il yanvar ayının 3-ü rayonun Növdün kəndində anadan olub. Ailə qurduqdan sonra Şuduq kəndində yaşayıb. Hazırda isə Qubanın rayon mərkəzində qızının evində qalır.

100 yaşlı Fatma nənənin 9 övladı, 57 nəvəsi, 63 nəticəsi və 2 kötücəsi var.

İkinci Dünya müharibəsi zamanı həyat yoldaşı Mürsəl Əhmədov müharibəyə getdiyindən ailəni dolandırmaq Fatma nənənin üzərinə düşüb. Böyük çətinliklərə sinə gərən zəhmətkeş qadın həm ev, həm çöl işlərini özü görüb.

Həyat yoldaşı Mürsəl müharibədən qayıtsa da, 53 yaşında dünyasını dəyişib. Fatma Əhmədova 9 övladını təkbaşına böyüdüb. 100 yaşlı nənə deyir ki, övladlarını boya-başa çatdırmaq üçün çox əziyyət çəkib.

Fatma Əhmədova dadlı yemək bişirməsi ilə də tanınıb. Onun dəmlədiyi plovu hamı bəyənir. Yaşadığı ərazidə tanınmış aşpaz olan Fatma Əhmədova daim kənd məclislərində yemək bişirib.

Uzunömürlülüyün sirrini təmiz dağ havası və təbii məhsullarla qidalanmaqda görən Fatma Əhmədova ailə üzvləri ilə mehriban davranmağın da vacibliyini qeyd edib.

Şimal bölgəsində yaşı yüzü keçən 4 nəfər var. Onlardan ikisi Siyəzən, biri Şabran, biri də Quba sakinidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.