REGİONLAR
Yüzdən çox tələbə “SABAH” Karyera Qış Məktəbi layihəsinə qoşulub VİDEO
Quba, 18 fevral, Elxan Yusifli, AZƏRTAC
Qubada “SABAH” Karyera Qış Məktəbi layihəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, “SABAH” Karyera Akademiyası proqramı çərçivəsində təqdim olunan layihənin həyata keçirilməsində məqsəd sonuncu kursda təhsil alan “SABAH” tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.
Yüzə yaxın tələbənin iştirak etdiyi qış məktəbində karyera planlaşdırılması, şəxsi brendinq, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və s. mövzular üzrə təlimlər keçirilir.
İlk təlim biznes konsultant və təlimçi Fəxri Ağayev tərəfindən keçirilib. Təlimçi şəxsi brendin yaradılması və inkişaf etdirməyin yollarından, vaxtın düzgün qiymətləndirilməsindən, işçini cəmiyyətə düzgün tanıdan və diqqət yetirilməli olan vacib məqamlardan danışıb.
İki gün davam edəcək təlimlərdə tanınmış iş adamları, təlimçilər öz uğur hekayələrini bölüşəcəklər.
Qeyd edək ki, “SABAH” Karyera Akademiyası ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla, 4 istiqaməti əhatə edir.
SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. “SABAH” layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir.
Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq “SABAH” tələbəsi məzun olacaq.