REGİONLAR
Yüzədək tələbə “SABAH II” Karyera Qış Məktəbi layihəsinə qoşulub VİDEO
Quba, 17 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 17-də Qubada “SABAH” Karyera Akademiyası proqramı çərçivəsində “SABAH II” Karyera Qış Məktəbi layihəsi təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 100-dək tələbənin iştirak etdiyi Qış Məktəbində “SABAH” tələbələri işədüzəlmə, magistratura təhsili, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılması mövzuları üzrə təlim keçəcəklər. Layihənin həyata keçirilməsinin məqsədi sonuncu kursda təhsil alan “SABAH” tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.
Tələbələr layihənin birinci günü “SABAH” qruplarının İcraiyyə Komitəsinin sədri Şahin Seyidzadənin “Uğurlu karyera qurmağın yolları”, Şəms Mustafayevanın “Uğura aparan ünsiyyət” , Aygün Babazadənin “Tədqiqat bacarıqları və qlobal məlumat bazaları”, Fərid İsmayılzadənin “Startapları uğura və uğursuzluğa aparan amillər” mövzularında təlimlərinə qatılıblar.
Qruplarla davam etdirilən təlimlərdə tələbələr karyera planlaşdırılması, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və s. mövzular üzrə məlumatlar əldə ediblər.
İki gün davam edəcək təlimin sonunda iştirakçılara sertifikatlar veriləcək.
“SABAH” Karyera Akademiyası 2017-ci ildə “SABAH” məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.
Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla dörd istiqaməti əhatə edir. “SABAH” Karyera Akademiyası çərçivəsində “SABAH” Karyera İnkişafı Sərgisi, “SABAH” Xaricdə Təhsil Sərgisi, “SABAH” İnnovasiya Forumu təşkil edilib.
“SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış, müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən artıq tələbəni əhatə edir.