SİYASƏT
ZAPOROJYE "ŞƏKİLEND"İ DOSTLARI QARŞILAYIR
Zaporojye, 15 iyun (АzərTAc). Ukraynanın Zaporojye vilayətinə səfər edən Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev buradakı "Şəkilənd" uşaq əyləncə mərkəzinin fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən şənliklərdə iştirak etmişdir.
"Şəkilənd"i soydaşımız, Zaporojye Şəhər Şurasının deputatı, əslən şəkili Dünyamalı Saatov məşhur "Disneylənd"in analoqu kimi açmışdır.
Əvvəlcə müasir kompleksdə "Azərbaycan gənclər diasporu Zaporojyenin sosial-mədəni potensialı kimi" mövzusunda konfrans keçirilmişdir.
Gənclər forumunun iştirakçılarını salamlayan Dünyamalı Saatov sözü səfir Tələt Əliyevə vermişdir. Azərbaycan diplomatı ümummilli lider Heydər Əliyevin gənclərin problemlərinə qayğı ilə yanaşmasından danışmış, bu istiqamətdə siyasətin ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir. Respublikamızda tərəqqipərvər, fiziki cəhətdən sağlam nəslin yetişməsi üçün dövlətimizin başçısı tərəfindən hər cür şəraitin yaradıldığı diqqətə çatdırılmışdır.
T.Əliyev gənclərə tarixi vətənləri ilə sıx əlaqə saxlamağı, ana dilini mükəmməl bilməyi, qədim tariximizi və zəngin mədəniyyətimizi təbliğ etməyi, Ermənistan-Azərbaycan, Dağlıq Qrabağ münaqişəsi barədə Ukrayna ictimaiyyətinə ətraflı məlumat verməyi tövsiyə etmişdir.
Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Zaporojyedəki Gənclər Komitəsinin sədri Turxan Seyidov vilayətdə Azərbaycan bazar günü məktəbinin açılması, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqə yaradılması sahəsində planlardan danışmışdır.
Zaporojye Şəhər Şurasının katibi Yuri Koptyux, tanınmış politoloq Aleksandr Sin, Dnepropetrovsk "Azərbaycan-Ukrayna gənclər İttifaqı"nın sədri Zəminə Bayramova, "Dədə Qorqud" Milli Xeyriyyə Fondunun vitse-prezidenti, "Azərbaycan dünyası" beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov çıxış etmişlər.
Səfir Tələt Əliyev və Eldar İsmayılov Zaporojyenin təhsil, elm və idman sahələrində uğurlar qazanmış azərbaycanlı gənclərə fondun fəxri fərmanlarını təqdim etmişlər.
Dnepropetrovk gənclər təşkilatının lideri Zəminə Bayramovaya da xatirə hədiyyəsi təqdim olunmuşdur.
Eldar İsmayılov Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına töhfəyə görə Zaporojye şəhərinin meri Yevgeni Kartaşova və Dünyamalı Saatova "Vətən oğlu" qızıl ordenini təqdim etmişdir.
"Zaporojspesstal"ın mədəniyyət sarayında "Şəkilənd" IV beynəlxalq uşaq yaradıcılığı festivalı keçirilmişdir.
"Şəkilənd"in yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində səfir Tələt Əliyev Zaporojyenin meri Yevgeni Kartaşovla görüşmüşdür. Görüşdə əməkdaşlığın inkişafı və diasporumuzun üzvlərinin Ukrayna kazaklarının vətəni Zaporojyenin ictimai-siyasi həyatında iştirakı məsələləri müzakirə olunmuşdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev-Zaporojye
######