ZAQATALADA ÇAYÇILIĞIN İNKİŞAFINA DİQQƏT ARTIB
Rayonun ən böyük çay emalı müəssisəsi olan “Zaqatala-çay” MMC tərəfindən cari ilin ötən dövrü ərzində 54,2 ton yaşıl çay yarpağı yığılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 ton çoxdur. Tədarük edilmiş xammaldan 12,2 ton çay istehsal olunmuşdur.
Səhmdar cəmiyyətin rəhbəri Abdulməcid Şabanov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, hazırda müəssisənin 66 hektar çay plantasiyası vardır. Bunun 31 hektarında bərpa işləri tam başa çatdırılmışdır və bu sahələrdə məhsul yığımı davam edir. Uzun illər istifadə olunmadığından yararsız hala düşən plantasiyaların məhsuldar vəziyyətə gətirilməsi üçün hazırda lazımi aqrotexniki tədbirlər həyata keçirilir. Gələcəkdə çay istehsalını artırmaq üçün plantasiyaların daha da genişləndirilməsi nəzərdə tutulmuşdur.
Hazırda müəssisədə 20 nəfər daimi işçi çalışır. 103 nəfər işçi isə yaşıl çay yarpağı yığımı ilə məşğul olur və onların əmək haqları yerindəcə ödənilir.