REGİONLAR
ZAQATALADA MƏHSUL İSTEHSALÇILARI ÜÇÜN SEMİNARLAR KEÇİRİLİR
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək məqsədi ilə Zaqatala rayonunda kənd təsərrüfatı məhsulları istehsalçılarını maarifləndirmək məqsədi ilə seminarların keçirilməsinə başlanılmışdır. Fermerlərlə ilk görüşlər rayonun Car, Kebeloba, Muxax və Mosul kəndlərində təşkil olunmuşdur. Seminarlarda rayon və kənd ərazi komissiyalarının üzvləri, “Aqrolizinq” ASC-nin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, habelə digər əlaqədar qurumların yerli şöbələrinin nümayəndələri iştirak edirlər.
İcra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini, rayon komissiyasının sədri Elman Ramazanov AZƏRTAC-a bildirmişdir ki, seminarların keçirilməsində əsas məqsəd kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxsləri yardımların verilməsi qaydaları ilə tanış etmək, işçi qrupları tərəfindən sənədlərin qəbul edilməsi, şərtləri və tarixi barədə istehsalçıları məlumatlandırmaq, onlara ərizə formaları və blankların doldurulması, habelə digər zəruri tədbirlər barədə müvafiq təlimatlar vermək, izahat işi aparmaqdır.
Rayon komissiyasının iş planına uyğun olaraq, belə tədbirlərin digər kəndlərdə də təşkil edilməsi nəzərdə tutulur.