SİYASƏT
ZAQATALADA MATƏM TƏDBİRLƏRİ DAVAM EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan xalqının dahi oğlu, milyonların sevimlisi Heydər Əliyevin vəfatı zaqatalalılarda böyük kədər hissi doğurmuşdur. Rayon əhalisi qəm–qüssə içindədir. Matəm tədbirləri bir-neçə gündür ki, davam edir. Hər gün yüzlərlə rayon sakini icra hakimiyyətində, idarə və müəssisələrdə, kəndlərdə yaradılmış xatirə guşələrinə gəlir, müasir dünyanın ən böyük siyasətçilərindən biri Heydər Əliyevə olan hörmət və ehtiramlarını xatirə kitablarına qeyd edirlər. Rayon sakinlərinin böyük bir qrupu Bakıya gələrək dahi şəxsiyyətin dəfn mərasimində iştirak etmişdir.
Dekabrın 15-dən başlayaraq Zaqataladakı İslam Universitetində, idarə və müəssisələrdə, kəndlərdə ehsanlar verilir. İnternat məktəbində və “Gülüstan turist bazası”nda yerləşən məcburi köçkünlər üçün də ayrıca ehsan verilmişdir.
Prezident Heydər Əliyevlə dəfələrlə görüşmüş Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Zalxay Həsənova, Sona Qazıyeva, həmçinin ağsaqqallar Mustafa Davudov, Kamil Yaliyev, Müharibə və Əmək Veteranları Şurasının sədri Üzeyir Əlizadə və başqaları bu kədərli günlərdə bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirlər.
Zaqatalalılar bundan sonra da Heydər Əliyev siyasi kursuna sadiq qalacaqlarını və bu yolda Prezident İlham Əliyevə daim dəstək olacaqlarını birmənalı şəkildə bildirirlər.