ZAQATALADA TİKİNTİ İŞLƏRİNİN HƏCMİ ARTMIŞDIR
Ötən il Zaqatalada bütün maliyyə mənbələri hesabına 10,2 milyard manatlıqdan çox tikinti, təmir və abadlıq işləri görülmüşdür. Bu, əvvəlki illə müqayisədə 2,2 milyard manat çoxdur.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, il ərzində əhalinin, fiziki və hüquqi şəxslərin vəsaiti hesabına 99 fərdi yaşayış evi, “Biznes evi”, müasir tipli firma mağazaları şəbəkəsi, “Şadlıq sarayı” və digər obyektlər tikilib istifadəyə verilmişdir.
Hazırda rayonun Yuxarı Tala kəndindəki dəyirman kompleksində, Bakı İslam Universitetinin Zaqatala filialı üçün yeni tədris korpusunda inşaat işləri aparılır.