ZAQATALADA VERGİ ÖDƏYİCİLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC- ın müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə vergi ödəyicilərini məlumatlandırmaq məqsədi ilə 13 saylı Ərazi Vergilər İdarəsi Zaqatala şəhərində sahibkarlarla görüş keçirmişdir.
Görüşdə idarəsinin əməkdaşları vergi sisteminin təkmilləşdirilməsi və müasir tələblərə cavab verən vergi xidmətinin yaradılması istiqamətində respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlərdən danışmış, vergi qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərin əhəmiyyətini diqqətə çatdırmışlar. Bildirilmişdir ki, vergi sistemində aparılan islahatların əsas məqsədlərindən biri ölkə iqtisadiyyatının bütün sahələrinin potensial imkanlarından istifadənin səmərəliyini artırmaq, iqtisadiyyatın dinamik inkişafını təmin etmək, əlverişli investisiya mühiti yaratmaq, kiçik və orta sahibkarlığın formalaşmasını, iqtisadi sistemdə işgüzarlığı, çevikliyi və təşəbbüskarlığı stimullaşdırmaqdır.
Tədbirdə iş adamları, sahibkarlar belə görüşlərin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirmiş, sahibkarlıq və biznes fəaliyyəti üçün yaradılan əlverişli şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Vergi ödəyiciləri ilə növbəti görüşlər Balakən və Qax rayonlarında keçiriləcəkdir.