İDMAN
ZAQATALA CÜDOÇULARI BEYNƏLXALQ YARIŞLARDA UĞURLA ÇIXIŞ EDİRLƏR
Zaqatala rayonunun yeniyetmə cüdoçuları Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən Yeniyetmələrin 9-cu Cüdo Festivalında və beynəlxalq turnirdə uğurla çıxış etmişlər. Bu yarışlarda 5 idmançı ilə təmsil olunan Zaqatala cüdoçuları vətənə 2 qızıl və 4 bürünc medalla qayıtmışlar.
Komandanın rəhbəri, məşqçi Arif Ramazanov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, cüdo festivalında idmançılardan Rəşid Məmmədov və Aydın Əliyev qızıl, Kamil Qurbanov isə bürünc medal qazanmışlar. Həmin yarışda digər idmançılarımız Orxan Acırqayev və Polad Şabanov da uğurla çıxış etmişlər.
Sovet İttifaqı Qəhrəmanı V.Petrovun xatirəsinə həsr olunmuş, Rusiya Prezidentinin mükafatları uğrunda beynəlxalq turnirdə isə 3 idmançı ilə təmsil olunan Zaqatala cüdoçuları Azərbaycan yığma komandasının tərkibində fəxri 3-cü yerə layiq görülmüşlər.
İndi Zaqatala cüdoçuları bu ilin may ayında keçiriləcək Yeniyetmələrin IV Respublika yarışlarına səylə hazırlaşırlar.