İQTİSADİYYAT
ZAQATALA POÇTAMTI İLİ UĞURLA BAŞA VURMUŞDUR
“Azərpoçt” Dövlət Müəssisəsi Zaqatala rayon poçtamtının kollektivi 2005-ci ilin proqnoz tapşırıqlarına 109,8 faiz əməl etmişdir. İl ərzində 135 min (AZN) manat proqnoza qarşı 148,2 min manat gəlir əldə olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 15,6 min manat çoxdur. Hesabat dövründə müəssisə tərəfindən əhaliyə göstərilən poçt-rabitə xidmətlərinin həcmi 74,7 min manat təşkil etmişdir.
Müəssisədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2005-ci ildə ənənəvi və qeyri-ənənəvi xidmətlərdən əldə olunan gəlirlərin artırılması daim diqqət mərkəzində saxlanılmış, poçt göndərişlərinin öz ünvanlarına vaxtında çatdırılmasına ciddi nəzarət edilmişdir. Poçtamtda yeni texnologiyaların tətbiqi nəticəsində əhaliyə göstərilən poçt xidmətlərinin keyfiyyəti xeyli yüksəlmişdir.
Hazırda 29 poçt şöbəsinin daxil olduğu Zaqatala poçtamtı rayon əhalisinə 35-ə yaxın xidmət növü təklif edir. Cari ildə bütün poçt şöbələrinin kompüterləşdirilməsi və daha 5 kənddə yeni poçt binalarının tikilməsi nəzərdə tutulmuşdur.