İDMAN
ZEYNƏB CAVADLI BEYNƏLXALQ İZMİR TURNİRİNDƏ SƏKKİZİNCİ YERİ TUTMUŞDUR
İzmirdə bədii gimnastika üzrə beynəlxalq turnir başa çatmışdır. Türkiyədə hər il keçirilən bu yarışlarda Azərbaycan gimnastı Zeynəb Cavadlı da iştirak etmişdir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Zeynəb ən yaxşı nəticəni gürzlərlə final hərəkətində göstərərək, 18,7 balla 8-ci yeri tutmuşdur. Şəxsi hesabda gimnastımız 36 iştirakçı arasında 77,105 balla 13-cü yerə çıxmışdır. Həm çoxnövçülükdə, həm də proqramın ayrı-ayrı növlərində qalib adını Belarus və Ukrayna idmançıları qazanmışlar.
Ölkəmizin digər gənc idmançıları kimi, Zeynəb Cavadlı da Türkiyədən qayıtdıqdan sonra dekabrın 7-9-na planlaşdırılan Azərbaycan çempionatında və Bakı birinciliyində iştirak edəcəkdir.
Mətbuat xidmətindən həmçinin bildirmişlər ki, respublika yarışlarınadək daha bir beynəlxalq turnir olacaqdır. Noyabrın 25-28-də İtaliyada “Spoleto Cup” turniri keçiriləcəkdir. Yarışlara Anna Qurbanova da dəvət edilmişdir.