SİYASƏT


ZİYAFƏT ƏSGƏROV: “AZƏRBAYCAN ÖZ İSTƏYİNƏ NAİL OLACAQDIR”

NATO Parlament Assambleyası baş katibinin müavini Andrea Çellino iyulun 23-də Bakıya səfərə gələcəkdir.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, səfərdən məqsəd Assambleyanın bu ilin noyabrında Bakıda keçiriləcək Rouz-Rould seminarına hazırlıqla bağlı texniki-təşkilati işləri və tədbirin gündəliyini müzakirə etməkdir.

Seminarın gündəliyinə əsasən Qafqazdakı vəziyyətlə, terrorizmə qarşı mübarizə ilə bağlı məsələlər daxil olunmuşdur. Amma Azərbaycan tərəfi Gürcüstandan çıxarılan Rusiya hərbi bazalarının Ermənistanda yerləşdirilməsi nəticəsində regionda hərbi tarazlığın pozulması ilə bağlı məsələnin də müzakirəyə çıxarılmasına çalışacaqdır.

Ziyafət Əsgərovun sözlərinə görə, Azərbaycan öz istəyinə qismən nail olmuşdur. Belə ki, iki il bundan qabaq seminarın Bakıda keçirilməsinə şübhə ilə yanaşılırdısa, indi buna nail olunub. Adı çəkilən məsələnin də müzakirəyə çıxarılmasını təklif etməkdən məqsəd silahlarla bağlı tarazlığın pozulmasının, təcavüzkarın həddindən artıq silahlanmasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsirini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Seminardakı müzakirələrdən sonra məsələyə Assambleyanın sessiyasında baxılacaqdır.

Milli Məclis sədrinin müavini vurğulamışdır ki, Azərbaycanın regionda və dünyada artan nüfuzu beynəlxalq təşkilatların diqqət mərkəzindədir. NATO ilə yanaşı, Avropa Birliyi də Azərbaycana maraq göstərir.

Seminarda NATO Parlament Assambleyasının baş katibi Duqlas Birotti və 41 dövlətin nümayəndəsi iştirak edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.