SİYASƏT
ZİYAFƏT ƏSGƏROV: “BİZ XƏZƏRİN HƏRBİLƏŞDİRİLMƏSİNİN ƏLEYHİNƏYİK, XƏZƏR SÜLH DƏNİZİ OLMALIDIR”
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov məsələ ilə bağlı AZƏRTAC–ın müxbirinə demişdir: ABŞ-Azərbaycan münasibətləri əslində heç kimdə narahatlıq doğurmamalıdır. Ona görə ki, bu ölkələr strateji müttəfiqdirlər. Donald Ramsfeldin, eləcə də ABŞ Konqresinin Silahlı Qüvvələr komitəsi sədrinin müavini Kurt Ueldonun müxtəlif vaxtlarda ölkəmizə səfərləri zamanı dedikləri “... istəyirik ki, Azərbaycan regionda bizim əsas müttəfiqimiz olsun” sözləri bizə bu fikri söyləməyə imkan verir.
Bu gün hər iki ölkənin parlamentləri arasında da yaxşı əlaqələr vardır. Konqresmen Kurt Ueldon Bakıda olarkən parlamentlərarası əməkdaşlığa dair memorandum imzalamışıq. Əldə olunmuş razılaşmaya görə, gələn ilin əvvəllərində Milli Məclisin deputatları ABŞ-a səfər edəcəklər. Təbiidir ki, imzalanmış sənəd digər sahələrdə də, o cümlədən hərbi sahədə də əməkdaşlığımızın inkişafına müsbət təsir edəcəkdir. D.Ramsfeld də səfər zamanı ABŞ-ın Azərbaycanın Xəzər dənizində olan sərhədlərinin möhkəmləndirilməsində, terrorizmə qarşı mübarizədə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təhlükəsizliyinin təmin olunmasında ölkəmizə köməklik göstərmək istədiyini bildirmişdir. Düzdür, bəzi ölkələr Xəzər dənizi ilə bağlı məsələdə öz ambisiyalarından çıxış edərək sərhədlərin hələ müəyyən olunmadığını iddia edirlər. Amma unudulmamalıdır ki, beynəlxalq hüquq normalarına görə, Xəzər dənizinin sərhədləri artıq müəyyən olunmuşdur. Xəzərin hərbiləşdirilməsi məsələsinə gəldikdə isə, Azərbaycanın belə niyyəti yoxdur. Biz Xəzərin hərbiləşdirilməsinin əleyhinəyik, Xəzər sülh dənizi olmalıdır. Həmçinin bir çoxları sərhədlərin möhkəmləndirilməsi dedikdə bunu Xəzər dənizini hərbiləşdirəcəyimiz kimi başa düşürlər. Tamamilə yanlış təsəvvürdür. Biz yalnız öz ərazilərimizi, sərhədlərimizi möhkəmləndiririk, buna isə haqqımız çatır.