MƏDƏNİYYƏT
ZONA MÜSABİQƏSİNİN QALİBLƏRİ
Respublika Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən 9 zona üzrə keçirilən IV uşaq folklor musiqi müsabiqəsinin ikinci mərhələsində cənub bölgəsinin gənc musiqiçiləri Cəlilabad şəhərində qalib adı uğrunda yarışmışlar. Burada Əli Bayramlı və Lənkəran şəhərlərinin, Astara, Lerik, Yardımlı, Masallı, Biləsuvar, Neftçala və Salyan rayonlarının məktəbliləri öz məharətlərini və musiqi qabiliyyətlərini nümayiş etdirmişlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, zona müsabiqəsində ifa olunan 27 musiqi nömrəsindən münsiflər heyəti yalnız 3 nominasiya üzrə qalibləri müəyyən etmişdir. Tək ifa nominasiyasında Əli Bayramlı məktəblisi Mehman Hüseynov, musiqi alətlərində kollektiv ifa nominasiyasında Lənkəran şəhərinin gənc musiqiçiləri, kollektiv rəqs nominasiyasında isə Astara rayonunun “Əvəsor” folklor kollektivi qalib adı qazanaraq martın 26-da Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanmışlar.