REGİONLAR
ZONA SEMİNAR-MÜŞAVİRƏSİNDƏ REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şamaxıda regionların sosial-iqtisadi inkişafına həsr olunmuş seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsinin əhatə etdiyi Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ və Ağsu rayonları icra başçılarının aqrar məsələlər üzrə müavinləri, əlaqədar idarə və təşkilatların rəhbərləri, mütəxəssislər iştirak etmişdir. Nazirliyin heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovun geniş məruzəsində, eləcə də ayrı-ayrı çıxışlarda rayonlarda kənd təsərrüfatının inkişafı ilə bağlı konkret proqramdan, onun icrası zamanı qarşıya çıxan çətinliklər və bunların aradan qaldırılması yollarından, bu sahədə dövlət səviyyəsində görülən işlərdən danışılmış, regionlarda toxumçuluq təsərrüfatlarının genişləndirilməsi, böyük damazlıq təsərrüfatlarının yaradılması, bitkiçilik və heyvandarlığın yerli şəraitə uyğun inkişafı, emal müəssisələrinin təşkili, aqroservis xidmətləri göstərilməsi və sair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Seminar-müşavirədə kənd təsərrüfatına sərmayələrin cəlb edilməsinin, fermer və özəl torpaq sahiblərinə hərtərəfli kömək göstərilməsinin, xüsusilə yeni texnologiyaların tətbiqində onlara yardımçı olmağın vacibliyi vurğulanmışdır.