İQTİSADİYYAT
ZONA SEMİNAR- MÜŞAVİRƏSİ
Bitki mühafizəsi vasitələrinin təşkili və tətbiqinə dair Azərbaycan-İsveçrə birgə layihəsi ilə bağlı Quba-Xaçmaz bölgəsində geniş zona seminar-müşavirəsi keçirilmişdir.
İcra hakimiyyəti başçıları müavinlərinin, aqrar elmi tədqiqat institutlarının və rayon bitki mühafizə stansiyalarının, İsveçrənin “Singenta” şirkətinin “Tovuz-Baltiya LTD” şirkətinin rəhbərləri və mütəxəssislərinin, fermerlərin iştirak etdikləri müşavirəni kənd təsərrüfatı nazirinin müavini Sabir Vəliyev açaraq, Azərbaycanda bitki mühafizəsi sahəsindəki mövcud vəziyyətdən, aqrar elmin qarşısında duran vəzifələrdən, Quba-Xaçmaz bölgəsində xəstəlik və zərərvericilərlə mübarizə yollarından danışmışdır.
“Tovuz-Baltiya LTD” şirkətinin baş direktoru Naiq Məmmədhəsənov dövlətimizin başçısı Heydər Əliyevin ölkədə sahibkarlığın inkişafına daim qayğı göstərdiyini vurğulamış, başçılıq etdiyi şirkətin İsveçrənin “Sinqenta” şirkəti ilə sıx əməkdaşlığından danışmışdır.
“Sinqenta”nın nümayəndələri dünyanın 90-dan çox ölkəsində fəaliyyət göstərən şirkətin istehsal etdiyi bitki mühavizəsi vasitələrinin iqtisadi və ekoloji səmərəsindən danışmış, bu sahədə Azərbaycanla əməkdaşlıqdan məmnun qaldıqlarını bildirmişlər.
“Sinqenta”nın gətirdiyi yeni dərman pereparatlarına baxış keçirildikdən sonra müşavirə iştirakçıları Qubadakı Azərbaycan Elmi Tədqiqat Subtropik Bitkilər İnstitutuna getmiş, meyvə- giləmeyvə, subtropik və sitrus bitkilərinin istehsalında yeni bitki mühafizəsi pereparatlarına olan tələbat barədə fikir mübadiləsi aparmışlar.