CƏMİYYƏT


“Zabit kadr hazırlığında və Xəzər bölgəsinin hərbi-dəniz müdafiəsində Azərbaycanın rolu (1939–1945)” monoqrafiyası çapdan çıxıb

Bakı, 24 may, AZƏRTAC

“Zabit kadr hazırlığında və Xəzər bölgəsinin hərbi-dəniz müdafiəsində Azərbaycanın rolu (1939–1945)” monoqrafiyası çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, monoqrafiyanın müəllifi Silahlı Qüvvələrin Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərb tarixi üzrə professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyevdir. Nəşrin hərbi məsləhətçisi Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, professor, general-leytenant Heydər Piriyev, elmi redaktoru – AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev, rəyçiləri - AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun tarix üzrə fəlsəfə doktoru, dosent Nərminə Əmirbəyovadır.

Azərbaycan tarixən coğrafi mövqeyinə görə Xəzər hövzəsində hegemonluq uğrunda mübarizə aparan əsas geosiyasi qüvvələrin maraq dairəsində olub. İkinci Dünya müharibəsi illərində də Azərbaycan bu bölgədə hərbi–siyasi hadisələrin mərkəzində olub və xalqımız faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakarlığını və cəsarətini bir daha nümayiş etdirdi.

Oxuculara təqdim olunan monoqrafiyada müharibə illərində Xəzər hövzəsi uğrunda böyük dövlətlərin apardıqları geosiyasi rəqabət bu bölgədə yaşanan tarixi hadisələr prizmasından təhlil olunub. Əsərdə Azərbaycan xalqının həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərməsi barədə də ətraflı məlumat verilib.

Zəngin arxiv sənədləri əsasında hazırlanmış monoqrafiyada bu dövrdə Azərbaycanın bölgənin hərbi-dəniz müdafiəsində rolu və Bakının hərbi-strateji əhəmiyyəti, onun Sovet Ordusu və Hərbi–Dəniz Qüvvələri üçün zabit kadrları hazırlanması mərkəzinə çevrilməsi barədə təhlillər aparılıb.

Kitabda İkinci Dünya müharibəsi dövründə Xəzər bölgəsində baş vermiş tarixi hadisələr ümumiləşdirilmiş formada və xronoloji ardıcıllıqda təqdim olunub.

Nəşr Azərbaycanın mülki ali və xüsusi təyinatlı təhsil müəssisələrinin müəllimləri, tələbələri, dinləyiciləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabdan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində də istifadə oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.