CƏMİYYƏT
Zabrat qəsəbəsində aşkar edilən tank əleyhinə mina ANAMA tərəfindən zərərsizləşdirilib
Bakı, 8 mart, AZƏRTAC
Martın 7-də saat 16:41-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tank əleyhinə minanın tapılması barədə məlumat daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin, Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minanın ətrafında 500 kvadratmetr əraziyə yerüstü, 200 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə agentlik tərəfindən 1 yanvar–7 mart tarixlərində 55 siqnal (əməliyyat çağırışı) əsasında 48 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmir yolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş, 1,187 ədəd partlamamış hərbi sursat (PHS), 8 ədəd piyada əleyhinə mina və 4 ədəd tank əleyhinə mina zərərsizləşdirilərək 93,945 kvadratmetr ərazi yerüstü və 6,392 kvadratmetr ərazi yeraltı yoxlanılıb.