ELM VƏ TƏHSİL
Zabrat qəsəbəsində yerləşən iki məktəb binası əsaslı təmir olunacaq
Bakı, 8 may, AZƏRTAC
Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 71 nömrəli orta məktəb üçün əlavə 30 sinif otaqlı korpusun, 307 nömrəli orta məktəb üçün əlavə 15 sinif otaqlı korpusun tikintisinin başa çatdırılması və mövcud binanın əsaslı təmiri üçün vəsait ayrılıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, 71 nömrəli orta məktəb üçün 6 milyon 240 min manat, 307 nömrəli orta məktəb üçün isə 5 milyon 280 min manat ayrılıb. Tikinti və əsaslı təmir işlərinin 2021-ci ildə icra olunması nəzərdə tutulur.
Xatırladaq ki, Sərəncama əsasən, Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.14.1-ci yarımbəndində göstərilmiş 20,0 (iyirmi) milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamla təsdiq edilmiş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etmək tapşırılıb. Bakı Şəhər İcra Hakimiyyəti bu Sərəncamla təsdiq edilmiş bölgüdə göstərilən layihələr üzrə yerinə yetirilmiş işlər haqqında hesabatı İqtisadiyyat Nazirliyinin tərtib etdiyi formaya uyğun olaraq rübdə bir dəfə, növbəti rübün ilk ayının 10-dan gec olmayaraq, İqtisadiyyat Nazirliyinə təqdim edəcək. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.