CƏMİYYƏT
Zahid Həsənov: Ümidvaram ədalət öz yerini tapacaq
Bakı, 9 iyun, AZƏRTAC
Mən 1994-cü il martın 7-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində yaralanmışam. Martın 8-də ermənilər gəlib məni həmin ərazidən götürdülər. Məni əvvəlcə Xankəndidəki hospitala apardılar. Ayyarım müalicə olunduqdan sonra Şuşa həbsxanasına gətirdilər və mən Mkrtiçyan Lüdvik Mkrtiçoviçi və Xosrovyan Alyoşa Aramaisoviçi həmin həbsxanadan tanıyıram.
Bunu Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və onlara qarşı digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə iyunun 9-da Yasamal Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında zərərçəkən qismində dindirilən Zahid Həsənov AZƏRTAC-a müsahibəsində deyib.
Zahid Həsənov qeyd edib: “Əsirlikdə olduğumuz müddətdə həm Lüdvik Mkrtiçyan, həm də Alyoşa Xosrovyan tərəfindən ağır işgəncələrə məruz qalırdıq. Təkcə məni yox, bütün azərbaycanlı əsirləri incidir, döyürdülər. Mən hospitalda olanda Alyoşa oraya da gəlirdi və orada da bizi – yaralıları, xəstələri döyürdü. Şuşa həbsxanasında olanda bunlar (Mkrtiçyan Lüdvik Mkrtiçoviç, Xosrovyan Alyoşa Aramaisoviç) uşaq bağçalarından, məktəblərdən yeniyetmə erməni gətirib bizi onların gözü önündə döyürdülər. Hər bir uşağa “baxın, bunlar (türklər) sizin düşməninizdir!” bu şüarları öyrədirdilər. Məhkəmə ayın 16-na təxirə salındı. Bu sizə didiklərimi gələn məhkəmədə təfərrüatları ilə hakimə anlatacağam. Ümidvaram ədalət öz yerini tapacaq”.