İQTİSADİYYAT


Zahid Məmmədov: İqtisadi islahatların məntiqi nəticəsi olaraq respublikamızın beynəlxalq iqtisadi nüfuzu əhəmiyyətli dərəcədə artıb

Bakı, 2 noyabr, AZƏRTAC

Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan ölkəsi elan olunması ölkəmizin dünya iqtisadiyyatında mövqeyinin getdikcə güclənməsinin bariz nümunəsidir. Yeni hesabata görə Azərbaycan dünyada ən çox islahat aparan lider ölkədir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib. “2015-ci ilin sonlarında neftin qiyməti aşağı düşəndə, qlobal xarici risklər Azərbaycan iqtisadiyyatına təsir etdiyi dönəmdə Prezident İlham Əliyevin tapşırığı ilə bütün sahələrdə iqtisadi islahatlar aparıldı. Təbii ki, bu, mahiyyətcə yeni xarakter kəsb etməyə başladı. Aparılan iqtisadi islahatlar nəticəsində maliyyə sabitliyi, iqtisadi artım təmin olundu, kənd təsərrüfatı, qeyri-neft sənayesi sahəsində əhəmiyyətli dönüş yaradıldı. Maliyyə mənbələrinə çıxış imkanları genişləndirildi, vergilərin ödənilməsi istiqamətində şəffaflıq təmin olundu, əmlakın qeydə alınması və xarici ticarətin aparılması istiqamətlərində əhəmiyyətli irəliləyişlər təmin olundu. Ən önəmlisi dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inamın daha da artması gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib”, - deyə o, əlavə edib.

Zahid Məmmədov qeyd edib ki, ölkə başçısının güclü iradəsi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar neft amilindən asılılığı azaltmış, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar yaratmışdır. “Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatların məntiqi nəticəsi olaraq respublikamızın beynəlxalq iqtisadi nüfuzu əhəmiyyətli dərəcədə artıb. Heç şübhəsiz ki, Azərbaycan iqtisadi yüksəlişi, inkişaf templərini növbəti illərdə də saxlayacaq, bütün sahələrdə yeni-yeni uğurlar əldə ediləcək”, - deyə Z. Məmmədov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.