CƏMİYYƏT
Zahid Oruc: Gənc nəslin ailə dəyərlərinə hörmət ruhunda tərbiyə olunması Azərbaycanda ailə strategiyasının əsasını təşkil edir
Bakı, 18 may, AZƏRTAC
Qalib Azərbaycan dünyada tanınır və təbii olaraq qalib Azərbaycan ailəsi özünə böyük nüfuz qazanıb. Ölkəmizin, Qarabağın tarixi bizim möhkəm ailə dəyərlərinə malik olduğumuzu göstərir.
Gənclərin sağlam mühitdə, böyüklərə və ailə dəyərlərinə hörmət ruhunda tərbiyə olunması Azərbaycanda ailə strategiyasının əsasını təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc mayın 18-də "Azərbaycan ailə modelinin inkişaf strategiyası" adlı konfransda söyləyib.
Dövlətin sütunu olan ailənin hazırda ciddi problemlərlə qarşı-qarşıya olduğunu diqqətə çatdıran Sosial Tədqiqatlar Mərkəzinin sədri ailə dəyərlərinin radikal dəyişikliklər nəticəsində sınaq dövrü keçdiyini bildirib.
Milli Məclisin deputatı, eyni zamanda, dövlətimizin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkəmizdə ailə dəyərlərinin qorunub saxlanması və ailə institutunun təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb.