CƏMİYYƏT
Zahid Oruc: Müharibə cinayətləri üzrə Xüsusi Prokurorluq və Milli məhkəmələrin təşkili qaçılmazdır
Bakı, 30 avqust, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşənlərin tapılmasının çətinliyi, o vaxt nizami ordunun olmaması, könüllülərdən ibarət, vahid mərkəzdən idarə olunmayan dəstələrin vuruşması, döyüşçülərin, yaralananların, həlak olanların və ya əsir düşənlərin dəqiq siyahısının tutulmaması və s. kimi göstərilir. İkinci Qarabağ müharibəsinin təkcə bu faktı son 30 ildə nə dərəcədə böyük keyfiyyət və kəmiyyət dəyişikliklərinin baş verdiyini göstərir. 44 günlük Vətən müharibəsini demək olar itkinlərsiz başa vurmağımız Ali Baş Komandan, Prezident İlham Əliyevin hər bir əsgərin həyatını qoruması ilə birbaşa bağlıdır. Eyni zamanda, savaşı mülki deyil, Silahlı Qüvvələrin aparması, hərbi peşəkarlıq, məsafəli müharibə modeli çoxsaylı itkilərin qarşısını aldı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc söyləyib.
O qeyd edib ki, 1988-1992-ci illərin xaosunda münaqişə qızışdıqca qurbanların sayının artması, itkin düşən minlərlə şəxsin durumundan yararlanan ayrı-ayrı qruplar, kriminal dairələr və fərdlər, eləcə də siyasi qüvvələr bu ağır humanitar problemi gəlirli biznesə çeviriblər. Çarəsizlik içərisində olan insanlar ulu öndər Heydər Əliyevdən kömək istəyirdilər. O zaman, hələ İtkin düşən şəxslərlə bağlı Komissiya normal fəaliyyət göstərə bilmədiyi şəraitdə və Bakıda sabit hakimiyyət olmadığı üçün insanlar Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevə müraciət edirdilər. Ulu Öndərin Ermənistan prezidenti Levon ter Petrosyanla əsir və girovlarımızın azad olunması üçün apardığı danışıqlar vətəndaşlarımızın, şəhidlərimizin geri qaytarılmasına səbəb olurdu. Mərkəzi dövlət orqanlarını faktiki əvəz edən liderin Azərbaycana rəhbərliyi dövründə də itkin düşən şəxslər mövzusu daxili və beynəlxalq siyasətinin ön yerinə qoyuldu. “Ona görə də beynəlxalq konvensiyaları ratifikasiya edilməsi, dövri məruzələrin hazırlanması və sistemli işlərin görülməsi sahəsində Dövlət Komissiyası üzərinə düşən işi uğurla yerinə yetirməyə çalışdı. Lakin işğal reallığı ən böyük maneə kimi ortadaydı. İndi gerçəklik dəyişib. Azərbaycan “Bütün Şəxslərin Məcburi İtkin Düşməkdən Müdafiəsi haqqında Beynəlxalq Konvensiyanı” 2007-ci ildə imzalayıb, ancaq ratifikasiya etməyib. Cinayətləri törədən Ermənistan isə onu ratifikasiya edib və hər il məruzələr təqdim edir. Ona görə də ATƏT məruzəçisi Leo Platvoyet ölkəmizə axırıncı dəfə 2006-cı ildə gəlib, “Bizi əsirlikdən azad edin” kitabını yazıb, dəhşətli faktlar açıqlayıb. Ərazilərin işğaldan azad edilməsindən sonra bir neçə yerdə, o cümlədən Kəlbəcər rayonunun Başlıbel və Xocalının Fərrux kəndlərində tapılmış kütləvi məzarlıqlar bu siyasətə yenidən baxmağı tələb edir",- deyə Zahid Oruc vurğulayıb.
Bildirib ki, Zəfər tarixini yaşadığımız hazırkı mərhələdə Azərbaycan prosesləri qalib dövlət statusunda yenidən nəzərdən keçirir. Ölkəmiz beynəlxalq tanınmış sərhədlərini bərpa edib, regionda və dünyada geosiyasi, hərbi, iqtisadi, diplomatik nüfuzunun yüksəldiyi postmüharibə reallığını formalaşdırır. Bütün sahələrdə olduğu kimi, Zəfər amili itkin düşmüş şəxslərlə bağlı fəaliyyətin yeni keyfiyyət mərhələsinə keçməsini gündəmə gətirir. Prezident, Ali Baş Komandan İlham Əliyev Birinci Qarabağ müharibəsində Ermənistanın işğalçı və hərbi cinayətləri nəticəsində itkin düşmüş 3 min 890 azərbaycanlının taleyinə aydınlıq gətirilməsini tələb edib və onu postmüharibə dövrünün dövlət kursu elan edib.
Ardıcıl olaraq itkin, əsir və girovluqda olan soydaşlarımızın məsələsinin beynəlxalq gündəliyə salınmasında qarşıda duran hədəflər barədə danışan Zahid Oruc deyib: “Əsas fəaliyyət istiqamətimiz Ermənistanın 30 ildən artıq davam edən hərbi cinayətlərinin itkin, əsir və girov şəxslər nümunəsində hərtərəfli təbliğidir. Ona görə də Birinci Qarabağ müharibəsi dövründə yaradılan institusional format Zəfər dövrü şəraitində daha da təkmilləşdirilməlidir.
Qanunverici-hüquqi sahədə -bir çox ölkələrdə itkinlərlə bağlı ayrıca qanunlar mövcuddur. Azərbaycanda 2013-cü ildə belə qanunla bağlı anons verilsə də, hələlik reallaşmayıb. Üstəlik, bir çox ölkələrdə milli “İtkin düşmüşlər günü” təsis və qeyd edilir. Ermənistanda 2000-ci ildən “Qarabağda itkin, əsir və girovlar günü” təsis edilib və Azərbaycana qarşı siyasi şantaj məqsədilə sui-istifadə edilir. Azərbaycanda da “Birinci Qarabağ müharibəsində itkin düşmüşlər” gününün təsis edilməsi məqbul olar. Gürcüstan və Ukraynada olduğu kimi, xarici özəl kəşfiyyat və axtarış xidmətlərini prosesə cəlb etmək faydalı olar.
Elmi-tədqiqat, təbliğat və ideoloji iş istiqamətində yerli və xarici mediada fəaliyyət gücləndirilə bilər. Son 30 ildə xarici mediada çoxsaylı məlumatlar əksini tapıb. Arxiv materiallarının müxtəlif dillərdə tirajlanması dünya və yetişən gənc nəslin tarixi yaddaşını formalaşdıra bilər.
İtkin uşaq və qadınların məsələsi ayrıca aidiyyəti beynəlxalq qurumlar qarşısında qaldırıla bilər.
İtkin düşən şəxslərin rəqəmsal fotoşəkil siyahılarının, portalının, fotoşəkil fondlarının yaradılması vacibdir. Son 30 ildə nəinki Avropa Şurası və Avropa parlamentində, eləcə də regional miqyasda Azərbaycanın itkin düşən şəxsləri ilə bağlı beynəlxalq dəyirmi masalar keçirilməyib, dövlət qurumları, insan hüquqları üzrə 3-cü sektor təmsilçiləri, qurban ailələri, elmi dairələr, jurnalistlər və gənclər Qərb dövlətləri tərəfindən səfərbər olunmayıb. Məsələn, Haaqada keçmiş Yuqoslaviya konflikti ilə bağlı itkin düşən şəxslərə dair iki dəfə böyük beynəlxalq görüşlər təşkil edilib, uğurlu nəticələr qazanılıb.
Silahlı münaqişədən xilas olan-artıq qalib gələn Azərbaycana beynəlxalq donor təşkilatları yardım göstərmir, qurban ailələrə tətbiq edilməli hüquqi aktlardan danışmaq mümkün deyil. Cinayət təhqiqatları və cinayətkarların təqibindən isə söhbət gedə bilməz. Halbuki regionumuzda silahlı münaqişələr, insan hüquqlarının pozulması və mütəşəkkil şəkildə itkin düşənlərə qarşı zorakılıqla bağlı müsbət təcrübə indi Rusiya-Ukrayna savaşına tətbiq edilə bilərdi.
Beynəlxalq qurumların prosesdə mühüm rol oynadığına dair faktların olmaması Qələbədən sonra onlara inamla yanaşmağa imkan vermir və etnik, dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs üçün ayrı-seçkiliyə yol verilməyəcəyinə inam yoxdur. Baxmayaraq ki, itkin düşən şəxslər məsələsi Ermənistanın məcburi icrası olan öhdəlikləri mövcuddur. Cinayətkarları təqib etmək və cəzalandırmaq üçün onların məsuliyyəti var. Lakin itkinlərlə bağlı prosesin Qərbdə irəliləyəcəyinə şübhəmiz və son 30 ilin təcrübəsi alternativ yollar tələb edir. Biz beynəlxalq ədalət mexanizmlərinə etibar etmirik. Yalnız daxili mexanizmlər və milli hərbi tribunallar cinayətkarların cəzalandırılmasında nəticə verə bilər. Müharibə cinayətləri üzrə Xüsusi Prokurorluq və Milli məhkəmələrin təşkili qaçılmazdır. Çünki Nürmberq prosesinə bərabər, beynəlxalq tribunal qurmaq üçün dövlətlərə rəhbərlik edən avropalı liderlərin istəyi yoxdur. Əksinə, Minsk qrupunu dirçəltmək planı münaqişəni yenidən alovlandırmaq istəyini açıq-aşkar nümayiş etdirir.
Bütün bunlara baxmayaraq, Ermənistan öz keçmişi ilə üzləşməli və üzülüşməlidir. Ermənistanın dövlət siyasətinin ifşası qaçılmazdır. Məsələn dövlətimizin başçısının itkinlərlə bağlı bəyanatına onların absurd cavabı heyrət doğurur.
Minlərlə qurbanın sahib olduğu hüquqlar, insan hüquqlarının kütləvi və sistemli şəkildə pozulmasına görə təzminat və onun təkrarlanmayacağına dair zəmanət gözlənilən Sülh müqaviləsinin mühüm şərtlərindən biri ola bilər. Davamlı sülhün, uzlaşmanın və gələcəkdə erməni-azərbaycanlı qarşıdurmasının qarşısını almağın başqa yolu yoxdur.
Hərbi cinayətkarlar gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin açılmasından sonra aramızda rahat gəzə bilməməlidir. İtkinlərlə bağlı mülki və hərbi cinayətkarların siyahısı elan oluna və onların Roma statusu əsasında daimi tətbiqi həyata keçirilə bilər".